“Zəfərdən dirçəlişə gedən yol” mövzusunda tədbir keçirilib
8 Noyabr - Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar olaraq Şəhər İcra Hakimiyyəti başçısı tərəfindən təsdiq olunmuş “Tədbirlər Planı”na uyğun olaraq “Zəfərdən dirçəlişə gedən yol” mövzusunda tədbir keçirilib.
Tədbirdə Naftalan ŞİH-nin məsul əməkdaşları, YAP Naftalan şəhər təşkilatının sədri, şəhid ailələri, Vətən Müharibəsi iştirakçıları, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, ziyalılar iştirak edib.
Öncə iştirakçılar Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini özündə əks etdirən foto-eksponatlara baxış keçiriblər.
Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Məktəblilərin hazırladıqları “Zəfərdən doğan iftixar” adlı kompozisiya iştirakçılara təqdim olunub.
Çıxış edənlər Tarixi Zəfərin mahiyyətindən bəhs edərək qeyd ediblər ki, 8 Noyabr – Zəfər Günü xalqımızın qürur mənbəyinə çevrilən, tariximizə qızıl hərflərlə yazılmış unudulmaz Qələbə günüdür. Bu möhtəşəm Zəfər Müzəffər Ali Baş Komandan, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik rəhbərliyi, rəşadətli Ordumuzun qəhrəmanlığı sayəsində qazanılıb.
Azad edilmiş torpaqlarda həyata keçirilən misilsiz quruculuq və abadlıq işlərindən bəhs edilib. Bildirilib ki, müharibədən sonra dağıdılmış şəhərlərin, kəndlərin bərpasına başlamaq hər bir ölkə üçün son dərəcə çətin və məsuliyyətli prosesdir. Lakin Azərbaycan bu prosesi uğurla, dünyanın diqqətini cəlb edəcək miqyasda həyata keçirir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uzaqgörən siyasəti, qətiyyətli rəhbərliyi və diplomatik səyləri nəticəsində Qarabağ bu gün təkcə bərpa və yenidənqurma məkanı deyil, həm də beynəlxalq səviyyəli mədəni, siyasi və humanitar tədbirlərin keçirildiyi nüfuzlu mərkəz kimi formalaşaraq beynəlxalq əhəmiyyətli mədəniyyət və diplomatiya məkanına çevrilib.
Tədbirdə Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı abadlıq və quruculuq işlərini əks etdirən video materiallar nümayiş olunub.















