Şriftin ölçüsü :

Saytın rəngi :

“Zəfər Səlnaməsinin 5 ili”

08 noyabr 2025 | 13:36

Xalqımızın qəhrəmanlıq salnaməsinə çevrilən Zəfər Gününün beşinci ildönümü ölkəmizin hər bir bölgəsində olduğu kimi Beynəlxalq Turizm Mərkəzi Naftalanda da böyük təntənə və qürur hissi ilə qeyd olunub.

Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhər Heydər Əliyev Mərkəzində “Zəfər Səlnaməsinin- 5 ili” mövzusunda tədbir keçirilib.

Tədbirdə ŞİH-nin başçısı, hüquq mühafizə orqanlarının rəhbərləri, YAP Naftalan şəhər təşkilatının, Şəhər Ağsaqqallar Şurasının sədrləri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, ziyalılar iştirak edib.

Tədbir şəhərin Heydər Əliyev parkının ərazisində Zəfər bayramı münasibəti ilə şəhid ailələri və qazilər ilə birlikdə ağacəkmə aksiyasının keçirilməsi ilə başlayıb.

Daha sonra Heydər Əliyev Meydanında məktəblilərin rəsm və əl işlərindən ibarət sərgi ilə tanış olunub. Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əhatə edən foto-eksponatlara, həmçinin zəfər təntənəsini özündə əks etdirən fotoşəkillərdən ibarət sərgiyə baxış keçirilib.

Tədbirdə Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib. Zəfər Gününə həsr olunmuş film nümayiş olunub.

Tədbirdə çıxış edənlər Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, ölkə Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 30 ilə yaxın davam edən işğala cəmi 44 gün ərzində son qoyaraq ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa etdiyini qeyd ediblər. Bu möhtəşəm Qələbə dünya hərb və diplomatiya tarixinin ən parlaq hadisələrindən biri kimi tarixə düşüb. Vurğulanıb ki, böyük zəfər Ulu Öndər Heydər Əliyev siyasətinin, onun ölməz ideyalarının təntənəsi və Ali Baş Komandan İlham Əliyevin qətiyyətinin parlaq təcəssümüdür. İşğaldan azad edilmiş ərazilərdə geniş vüsət alan abadlıq və quruculuq işlərindən bəhs edilərək qeyd edilib ki, Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa quruculuq işləri Zəfərin davamı, Azərbaycanın güc və birliyinin təcəssümü kimi dəyərləndirilir. Zəfər Gününün beşinci ildönümü xalqımız üçün qürur, birlik və milli iftixar günü kimi tarixə əbədi həkk olunub.

Tədbir “Zəfərin mübarək Azərbaycan!” adlı konsert proqramı ilə davam etdirilib.

Keçidlər