Şriftin ölçüsü :

Saytın rəngi :

Yaz mövsümündə turistlərlə sorğu keçirilib

03 aprel 2024 | 16:33

Turizm xidməti keyfiyyətinin yüksəldilməsi məqsədilə Naftalan ŞİH-nin təşkilatçılığı ilə Dövlət Turizm Agentliyinin Gəncə Regional İdarəsinin əməkdaşları ilə birgə Hotel və Müalicə Mərkəzlərində rəy sorğusu keçirilib.

Üç dildə – azərbaycan, rus və ingilis dillərində hazırlanmış sorğunun keçirilməsi Beynəlxalq Turizm Mərkəzi olan Naftalanda xidmət səviyyəsinin müəyyən edilməsi və yaxşılaşdırılması məqsədi daşıyır. Həmçinin sorğu şəhərin turizm potensialının güclü və zəif tərəflərini təhlil etməyə imkan verir.

Şəhərdə istirahət edən və müalicə alan 100-dən çox turist sorğuda iştirak etmişdir ki, onlardan 55% yerli, 45% isə xarici turistlər təşkil etmişdir. Xarici turistlər arasında hazırda Rusiyadan gələnlərin sayı 55%, 45% isə Qazaxıstan, Özbəkistan, Belarus və Ukraynanın payına düşür.

İştirak edən respondentlərin 60% - 51-70 yaş arası, 22% - 31-50 yaş, 15% - 71 yaş, 3% isə 30 yaşa qədər olanlardır.

Turistlərin 62% - Naftalana ilk dəfə, 22% - ildə bir dəfə, 16% isə ildə bir neçə dəfə gələnlərdir.

Respondentlər arasında istirahət zamanı müalicənin keyfiyyətini əsas tutanlar - 89%, qiymət - 28%, digər 9% isə mövsümi endirimləri qeyd edənlərdir.

Buraya gələn turistlərin 60% - dayaq-hərəkət, 40% - revmatik, 32% isə dəri, uroloji və digər xəstəliklərdən əziyyət çəkənlərdir.

Naftalan müalicəsi müddətli olduğu üçün burada 8-14 gün qalmağı planlaşdıran turistlər - 73%, 1-7 gün - 21%, digər 6% isə 15 gündən artıq qeyd ediblər.

Sorğunun nəticəsindən aydın olmuşdur ki, bu gün beynəlxalq turizm mərkəzi olan Naftalan yerli və xarici qonaqlarda xoş təəssürat yaratmış, turizm obyektlərinin xidmət səviyyəsi və yerləşdirmə ilə bağlı fikrə razıyam deyənlər 86% təşkil etmişdir.   

Bu gün Naftalanın abad, təmiz və səliqəli saxlanılması sualını 93% turist əla və yaxşı olaraq qiymətləndirmiş, digər 7% isə hotelə yeni gəldiyini, şəhərlə hələ tanış olmadıqlarını qeyd etmişlər.

Turizmin inkişafına mane olan nədir sualını: əyləncə və alış-veriş mərkəzinin olmaması - 49%, nəqliyyat vasitələrinin əlçatanlığı - 22%, Naftalanda turizm imkanları barədə kifayət qədər məlumatlı deyillər - 19% turist cavablamışdır. Həmçinin, suvenir məhsullarının azlığı, informasiyanın yetərsizliyi və bələdçilərin olmaması çatışmazlıq kimi qeyd edilmişdir.

Çox sevindirici haldır ki, Naftalana yenidən səfər etməyi planlaşdıranlar 94% təşkil edir, digər 6% müalicənin nəticəsindən asılı olaraq qərar verəcəklərini bildiriblər.

Sorğuda iştirak edənlər parklarda yüksəksürətli və ödənişsiz Wi-Fi-ın olmasından 90% əla və yaxşı bəndlərini qeyd ediblər. Həmçinin, turistlərin 92% şəhərin bütün ərazisində pandusların mövcudluğu ilə bağlı məmnunluqlarını ifadə ediblər.

Qeyd edək ki, ŞİH tərəfindən 2020-ci ildə şəhərin əsas küçə və prospektlərində panduslar, 2022-ci ildə isə parklarda ödənişsiz Wi-Fi quraşdırılmışdır.

Rəy sorğularının keçirilməsi mövsümə uyğun olaraq davam etdiriləcəkdir.

Keçidlər