Şriftin ölçüsü :

Saytın rəngi :

Yay mövsümündə xarici və yerli turistlər arasında rəy sorğusu keçirilib

08 avqust 2023 | 15:21

Naftalanda turizm xidmətinin keyfiyyətinin yüksəldilməsi məqsədilə Naftalan ŞİH-nin təşkilatçılığı və dəstəyi ilə Hotel və Müalicə Mərkəzlərində rəy sorğusu keçirilib və alınan cavablar əsasında hesabat hazırlanıb.

Sorğuda şəhərdə istirahət və müalicə alan 100 dən çox yerli və xarici turist iştirak edib.

Azərbaycan, Rus və İngilis dillərində hazırlanmış sorğunun məqsədi Hotel və Müalicə Mərkəzlərində xidmət səviyyəsinin yüksəldilməsi, turist məmnuniyyətinin təmin edilməsidir. Həmçinin, bu sorğu şəhərin turizm potensialının güclü və zəif tərəflərini təhlil etməyə imkan verir.

Sorğunun nəticəsindən aydın olmuşdur ki, bu gün beynəlxalq turizm mərkəzi olan Naftalan yerli və xarici qonaqlarda xoş təəssürat yaratmış, turizm obyektlərinin xidmət səviyyəsi ilə bağlı fikrə razıyam deyənlər 94% təşkil etmişdir. “Hansı mövsümdə istirahət etmək uyğundur” fikrinə 59% yay mövsümünün uyğun olduğunu qeyd edib. Sorğunun nəticələrindən məlum olub ki, sorğu iştirakçılarının 45%-i dayaq hərəkət, 31%-i revmatizm, dəri və uroloji xəstəliklərin müalicəsi üçün gəliblər. Həmçinin “Naftalanda neçə gün qalmağı planlaşdırmısınız” sualına respondentlərin 71%-i 7-14 gün arası qalmağa üstünlük verdiklərini qeyd ediblər. Hotel və müalicə mərkəzlərindəki qiymətlərlə razıyam deyənlər 86% təşkil edib.

Ümumilikdə sorğunun nəticəsindən aydın olub ki, bu gün Naftalan yerli və xarici qonaqlarda xoş təəssürat yaradıb. Belə ki, şəhərin infrastrukturundan, abad, təmiz və səliqəli saxlanılması fikrinə çox yaxşı və yaxşı cavabı 87% olub. Bununla yanaşı “Bugünkü Naftalanı əvvəlki səfərlərlə müqayisədə necə görürsünüz” fikrinə də 83 % şəxs cavab olaraq çox yaxşı və yaxşı bəndlərini təsdiqləyiblər.

Rəy sorğusunda iştirak edən xarici respondentlərin 36%-ni Rusiya Federasiyası, 33%-ni Qazaxıstan, 27%-ni Özbəkistan, 2%-ni Almaniya və 2%-ni İsraildən gələnlər təşkil edib. Qonaqların 58%-i Heydər Əliyev adına Beynəlxalq Hava Limanından və Gəncə Beynəlxalq Hava Limanından istifadə edərək xarici ölkələrdən Naftalana üz tutublar. 42%-i isə ölkə daxilindən gələn yerli qonaqlar təşkil edib.

Sorğu iştirakçıları müalicə aldıqları hotelin yüksək xidmət səviyyəsindən, həm də müalicənin keyfiyyətindən məmnunluqlarını bildirməklə yanaşı, personalın xarici dil biliklərinin səviyyəsinin artırılmasını, həmçinin asudə vaxtlarının daha səmərəli keçməsi üçün şəhərdə ticarət və əyləncə mərkəzinin (MALL) olmasının, turistik marşrutların artırılması, Hotel və Müalicə Mərkəzlərində ATM-lərin quraşdırılması və bəzi turizm obyektlərində təqdim olunan xidmət növlərinin artırılmasının vacibliyini qeyd ediblər.

Keçidlər