"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində yaşıllıqlar salınıb
“Yaşıl dünya naminə həmrəylik ili” və COP29 ərəfəsində həyata keçirilən genişmiqyaslı ekoloji tədbirlər, yaşıllaşdırma işləri çərçivəsində Naftalanda yeni yaşıllıqlar salınmaqdadır.
Yaşıllıq sahələrinin salınmasında əsas məqsəd ekoloji durumun sağlamlaşdırılması, o cümlədən ekoloji mədəniyyəti və təbiətə qayğını təbliğ etmək, iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir.
Havaların qeyri-sabit və quraq keçməsi, küləkli günlərin sayının artması, ümumən dünyada baş verən iqlim dəyişikliyi səbəbindən şəhərin müxtəlif ərazilərində qurumuş və qəzalı vəziyyətə düşmüş ağaclar insan həyatı üçün, eyni zamanda infrastruktur, kommunikasiya xətləri və vətəndaşların əmlaklarına ciddi təhlükə yaradıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin quru və qəzalı ağacların götürülməsinə dair rəyi əsasında yol kənarlarından, parklardan mütəmadi olaraq qəzalı və qurumuş ağaclar götürülür, yerində iqlimə uyğun yeni ağaclar əkilir.
Ümumilikdə şəhərdə cari dövr ərzində 9 minə yaxın müxtəlif növ ağac və gül kolları əkilib.