“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ilk tədbir keçirilib
Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 25 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş, Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Naftalan şəhərində il ərzində həyata keçiriləcək Tədbirlər Planına uyğun olaraq “Təmiz ekoloji mühit - sağlam həyat” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Naftalan ŞİH-nin, Goranboy-Naftalan üzrə təhsil sektorunun əməkdaşları, təhsil işçiləri, məktəblilər iştirak ediblər.
Çıxış edənlər dünyanı narahat edən ekoloji problemlər, iqlim dəyişiklikləri və onların canlı aləmə mənfi təsirlərindən, ekoloji mədəniyyətdən söhbət açaraq bu sahəyə diqqətin artırılması, beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin əhəmiyyətini iştirakçıların diqqətinə çatdırıblar. Qeyd edilib ki, bu Sərəncam Azərbaycanın qlobal təşəbbüslərə ilk qoşulan ölkələrin sırasında olduğunu bir daha sübut edir. Digər tərəfdən ölkəmizdə 2024-cü il ərzində bu sahədə fəaliyyətimizi genişləndirəcəyimizə və ətraf mühitin qorunması istiqamətində görüləcək işlərin xeyli dərəcədə intensivləşəcəyinə bir çağırışdır.
ŞİH tərəfindən hazırlanmış maarifləndirici tanıtım materialları iştirakçılara paylanılıb.