XII Azərbaycan-Rusiya Regionlararası Forumu keçirilib
Ötən gün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin və Rusiyanın İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə Rusiyanın Stavropol diyarının Mineralnıe Vodı şəhərində 12-ci Azərbaycan-Rusiya Regionlararası Forumu keçirilib.
Forumun plenar iclasının açılışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti cənab Vladimir Putinin forum iştirakçılarına müraciətləri oxunub.
Forumda Azərbaycan və Rusiya tərəfdən dövlət qurumlarının, parlamentlərin, icra hakimiyyəti orqanlarının nümayəndələri, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlar və mətbuat işçiləri iştirak ediblər.
Forumda həmçinin, KOB sahəsində əməkdaşlığa həsr olunmuş B2B və B2G formatlarında görüşlər və müxtəlif istiqamətlər (“Sənaye sektorunda gələcəyin texnologiyaları”; “Rusiya-Azərbaycan ekoloji dialoqu: standartlar, prioritetlər, perspektivlər”; “Sənaye kooperasiyası: aqrar-sənaye kompleksi sahəsində əməkdaşlıq”; “Rusiya Federasiyasının Şimali Qafqaz Federal Dairəsinin və Azərbaycan Respublikasının ixracatçılarının xarici ticarət əməliyyatlarının müasir xüsusiyyətləri”) üzrə müzakirələr aparılıb.
Plenar iclasda, Azərbaycan Respublikası Baş Nazirinin müavini Şahin Mustafayev, Rusiya Federasiyasının Baş Nazirinin müavini Aleksey Overçuk, Azərbaycan Respublikası Milli Məclisinin sədrinin birinci müavini Əli Hüseynli, Rusiya Federal Məclisi Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatskin, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Rusiya Federasiyasının Stavropol diyarı hökuməti sədrinin birinci müavini Andrey Xlopyanov, Rusiya Prezidentinin Şimali Qafqaz Federal Dairəsi üzrə səlahiyyətli nümayəndəsinin müavini Vladimir Nadıkto, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Azərbaycan Memarlıq və İnşaat Universitetinin prorektoru Nərgiz Abdullayeva, “Kavkaz.RF” ASC-nin baş direktorunun birinci müavini Andrey Tsemaxoviç və Rusiya Federasiyasının Şimali Qafqaz Federal Universitetinin rektoru Dmitri Bespalov çıxış edərək ölkələrimiz arasında tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsinə dair fikir və təkliflərini bölüşüblər.
Forumun plenar iclasında Naftalan ŞİH–nin başçısı Vüqar Novruzov Beynəlxalq Turizm Mərkəzi Naftalanın turizm potensialı barədə çıxış etmişdir.