WUF13 şəhərsalma tədbirinə hazırlıqla bağlı onlayn görüş keçirilib
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) şəhərsalma tədbirinin hazırlıq işlərinin qarşılıqlı müzakirəsi və təkliflərin dinlənilməsi məqsədilə 21.04.2026-cı il tarixində onlayn görüş keçirilib. Görüşdə Naftalan ŞİH-nin məsul əməkdaşları da iştirak edib.
Təşkilatçılar tərəfindən forumun 13-cü sessiyasının Azərbaycanda keçirilməsinin əhəmiyyəti haqqında məlumat verilib. Qeyd olunub ki, WUF13 Azərbaycanın şəhərsalma sahəsindəki fəaliyyətinin və gələcəyə baxışının dünyaya təqdim olunması üçün mühüm platformadır. Tədbirdə təqdimatların və sərgilərin təşkili ilə bağlı yerli icra hakimiyyəti orqanlarının təklifləri müzakirə olunub və o, cümlədən Naftalan şəhəri və şəhərin turizm potensialı ilə bağlı təkliflər səsləndirilib.
WUF13 2026-cı il 17-22 may tarixlərində Bakıda, Azərbaycan Hökuməti və UN-Habitat-ın birgə təşkilatçılığı ilə keçiriləcək. Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının məqsədi sürətli urbanizasiyanın icmalar, şəhərlər, iqtisadiyyat, iqlim və siyasətə təsirini müzakirə etmək, daha təhlükəsiz, davamlı və inklüziv şəhərlər qurmaq üçün innovativ həllərin paylaşılmasını təşviq etməkdir.















