Vətən müharibəsinin ilk mülki Şəhidlərinin il mərasimi qeyd edilib
Azərbaycan dövləti və xalqı üçün hər bir şəhid və onun ailəsi əzizdir. Şəhidlərin xatirəsi daim ehtiramla yad edilir, onların ailələri diqqətdə saxlanılır. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Naftalan şəhərində də şəhid ailələrinə və qazilərə xüsusi qayğı göstərilir. Şəhid ailələri daim ziyarət olunur, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirilir.
44 günlük Vətən Müharibəsinin ilk günü düşmənin atdığı top mərmisi Naftalan şəhər Qaşaltı Qaraqoyunlu kənd sakini Qurbanov Elbrus İsa oğlunun evinə düşərək bir ailənin 5 mülki üzvünün həyatına faciəvi şəkildə son qoyub.
Bu gün Naftalan ŞİH tərəfindən Qaşaltı Qaraqoyunlu kəndində Şəhid Qurbanovların il mərasimi keçirilib. Mərasimdə Naftalan ŞİH-nin başçısı Vüqar Novruzov, hüquq mühafizə orqanlarının rəhbərləri, Şəhid ailələri, qazilər, Naftalan ŞİH yanında İctimai Şuranın sədri və digər rəsmilər iştirak edib. Şəhid Qurbanovların məzarları ziyarət edilib, ruhlarına dualar oxunub, şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
Həmçinin, Vətən Müharibəsində torpaqlarımızın azadlığı uğrunda Şəhid olmuş Elyəddin Cəfərovunda məzarı ziyarət edilib, ruhuna dualar oxunub.
Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezident cənab İlham Əliyevə, Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.