Vətən Müharibəsinin ilk mülki Şəhidlərinin anım günüdür
Dörd il bundan əvvəl 2020-ci il sentyabrın 27-də Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin növbəti təxribat əməllərinin, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün cəbhə boyu əks-hücum əməliyyatlarına başlanılmasının ilk günü düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törətdi.
Vətən Müharibəsinin ilk günü düşmənin atdığı top mərmisinin Naftalan şəhər Qaşaltı Qaraqoyunlu kənd sakini Qurbanov Elbrus İsa oğlunun evinə düşməsinin nəticəsində ailənin beş üzvünün, ikisi uşaq olmaqla həyatı faciyəvi şəkildə sona çatdı.
Naftalan ŞİH-nin başçısı, Naftalan Şəhər Məhkəməsinin, YAP Naftalan şəhər təşkilatının və şəhər Ağsaqqallar Şurasının sədrləri, şəhid ailələrinin üzvləri, şəhid Qurbanovların məzarlarını ziyarət edib, xatirələrini ehtiramla anıblar.
Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.