Vətən Müharibəsi Şəhidinin xatirəsi anılıb
Müzəffər Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsi zamanı möhtəşəm qələbə qazanması, ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpa edilməsi, heç şübhəsiz xalqımızın çoxəsirlik dövlətçilik tarixinin ən şərəfli səhifələrindən biridir.
Naftalan şəhəri, Qaşaltı Qaraqoyunlu kənd sakini Cəfərov Elyəddin Zöhrab oğlu torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə rəşadət göstərərək, Suqovuşanın azad edilməsi uğrunda qəhrəmancasına şəhid olmuşdur.
Şəhid Elyəddin Cəfərovun anım tədbirində Naftalan ŞİH-nin başçısı, Naftalan ŞPŞ-nin rəisi, YAP Naftalan şəhər təşkilatının və şəhər Ağsaqqallar Şurasının sədrləri, şəhidin ailə üzvləri şəhidin məzarını ziyarət edib, önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.
İcra Hakimiyyətinin başçısı qeyd edib ki, 44 günlük Vətən müharibəsində xalqımızın qəhrəmanlığı və ordumuzun şücaəti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın tarixi Zəfərini təmin etdi. Bu Qələbə torpaqlarımızın azadlığı ilə yanaşı, xalqımızın birlik və iradəsinin təntənəsinə çevrildi. Bildirilib ki, dövlətimiz şəhidlərin xatirəsini daim uca tutur, onların ailələrini diqqət və qayğı ilə əhatə edir.
Şəhidin valideynləri onlara göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Cəfərov Elyəddin Zöhrab oğlu (ölümündən sonra) 3-cü dərəcəli “Vətən xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.















