Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidi Fərid Adıgözəlovun xatirəsi anılıb

18 oktyabr 2026 | 10:55

Vətən Müharibəsində Azərbaycanın ərazi bütövlüyünün bərpası və torpaqlarımızın azadlığı uğrunda canından keçərək şəhidlik zirvəsinə yüksələn qəhrəmanlarımızdan biri də Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Adıgözəlov Fərid İlqar oğludur.

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Məmmədiyə Məmmədov, şəhər Polis Şöbəsinin rəisi, YAP Naftalan şəhər təşkilatının və şəhər Ağsaqqallar şurasının sədrləri, icra hakimiyyətinin məsul əməkdaşları, şəhidin ailə üzvləri şəhidin məzarını ziyarət edib, önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.

Şəhər İcra Hakimiyyətinin başçısı qeyd edib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində xalqımızın qəhrəmanlığı və ordumuzun şücaəti Azərbaycanın tarixi Zəfərini təmin etdi. Bu Qələbə torpaqlarımızın azadlığı ilə yanaşı, xalqımızın birlik və iradəsinin təntənəsinə çevrildi. Bildirilib ki, dövlətimiz şəhidlərin xatirəsini daim uca tutur, onların ailələrini diqqət və qayğı ilə əhatə edir.

Şəhidin valideynləri dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən hərtərəfli diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını ifadə ediblər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən, Adıgözəlov Fərid İlqar oğlu (ölümündən sonra) 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən Uğrunda”, "Cəsur döyüşçü", "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Keçidlər