Vətən Müharibəsi şəhidi Bəhruz Quliyevin xatirəsi anılıb
Vətən Müharibəsində Azərbaycanın ərazi bütövlüyünün bərpası və torpaqlarımızın azadlığı uğrunda canından keçərək şəhidlik zirvəsinə yüksələn qəhrəmanlarımızdan biri də Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Quliyev Bəhruz Firuz oğludur.
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Məmmədiyə Məmmədov, şəhər Polis Şöbəsinin rəisi, YAP Naftalan şəhər təşkilatının, Şəhər Ağsaqqallar şurasının sədrləri, icra hakimiyyətinin məsul əməkdaşları, şəhidin ailə üzvləri şəhid Bəhruz Quliyevin anım günü ilə əlaqədar olaraq məzarını ziyarət edib, önünə gül dəstələri düzüb, ehtiramlarını bildiriblər.
İcra Hakimiyyətinin başçısı qeyd edib ki, 44 günlük Vətən müharibəsi Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin qətiyyətli və uzaqgörən rəhbərliyi, Azərbaycan xalqının sarsılmaz birliyi, əsgər və zabitlərimizin misilsiz qəhrəmanlığı, eləcə də ordumuzun yüksək döyüş ruhu və rəşadəti sayəsində tarixi Zəfərlə başa çatdı. Bu möhtəşəm Qələbə xalqımızın milli iradəsinin, Vətən sevgisinin və torpaqlarımızın azadlığı uğrunda göstərilən fədakarlığın təntənəsinə çevrildi.
Şəhidin valideynləri dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən hərtərəfli diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən, şəhid Quliyev Bəhruz (ölümündən sonra) 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Laçının azad olunmasına görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.















