Şriftin ölçüsü :

Saytın rəngi :

“Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirilib

18 noyabr 2023 | 11:27

Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində 20 oktyabr - 20 noyabr tarixlərini əhatə edən “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirilib.

Tədbirdə ŞİH-nin, ŞPŞ-nin məsul əməkdaşları, Heydər Əliyev Mərkəzinin direktoru, müəllimlər, valideynlər və uşaqlar iştirak ediblər.

İştirakçılar Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və yaradıcılığını əks etdirən stendlərə baxış keçiriblər.

Çıxış edənlər qeyd ediblər ki, Ulu Öndər Heydər Əliyevin banisi olduğu ölkəmizdə uşaq siyasəti mühüm yer tutur. 1993-cü ildən başlayaraq Ümummilli Liderin rəhbərliyi ilə ölkəmizdə bu sahənin fəaliyyətini tənzimləyən milli qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə ardıcıl islahatlar həyata keçirilib. Respublikamız uşaq hüquqlarının təminatı ilə bağlı beynəlxalq sazişlərə, o cümlədən BMT-nin "Uşaq hüquqları haqqında" Konvensiyasına qoşulub. Vurğulanıb ki, müdrik siyasi lider Heydər Əliyevin yaratdığı və nəsillər üçün miras qoyduğu ənənələr bu gün də uğurla davam etdirilir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin, Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımların Azərbaycan uşaqlarının taleyində əhəmiyyətli rol oynadığı barədə söhbət açılıb. Ombudsman tərəfindən hər il olduğu kimi bu ildə Konvensiyanın qəbul olunmasının ildönümü ərəfəsində 20 oktyabr - 20 noyabr tarixlərində “Uşaq hüquqları aylığı” çərçivəsində keçirilən tədbirlərin məqsədinin uşaqlara diqqətin daha da artırılması, uşaq hüquqlarının qorunması işinin yaxşılaşdırılmasından ibarət olduğu iştirakçıların diqqətinə çatdırılıb. Bildirilib ki, ölkəmizdə uşaqlar dövlətin və cəmiyyətin daim diqqət mərkəzindədir və uşaq problemlərinin ardıcıl həlli ölkəmizdə bu sahədə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.

Tədbirdə çıxış edən uşaqlar hüquqlarından, onlara yaradılan şəraitdən danışaraq ölkə rəhbərinə dərin minnətdarlıqlarını ifadə ediblər.

Sonda uşaq hüquqlarından bəhs edən video çarx nümayiş olunub.

Keçidlər