Ümumtəhsil məktəblərində maarifləndirici tədbirlər keçirilib
Naftalanda ümümtəhsil məktəblərində növbəti dəfə “Narkomaniyaya qarşı mübarizə hər birimizin borcudur”, “Erkən nikaha yox deyək” mövzularında maarifləndirici tədbir keçirilib. Tədbirlərdə şəhər polis şöbəsinin rəisi Zaur Bədəlov, ŞİH başçısının müavinləri, Polis Akademiyasının məsul əməkdaşı, valideynlər, şagirdlər, pedaqoji kollektivlər iştirak edib.
ŞPŞ-nin rəisi mövzunun aktuallığından geniş bəhs edərək narkotik vasitələrin insan sağlamlığına vurduğu ağır zərbələr, mübarizə yolları, zərərli vərdişlərin törətdiyi bəlaların qarşısının alınması barədə məlumat verib, yeniyetmə və gəncləri narkomaniya və bu kimi zərərli vərdişlərdən uzaq durmağa çağırıb. Həmçinin uşaq hüquqlarının müdafiəsi, erkən nikahın qarşısının alınması hər zaman dövlətimizin qarşısında duran prioritet məsələ olduğunu, bu istiqamətdə bir çox qanun və normativ hüquqi aktların qəbul olunduğunu qeyd edib. Erkən yaşda ailə qurmağa məcbur etmənin, zorakılıqla yanaşı hüquqi baxımdan məsuliyyət yaratdığını diqqətə çatdıraraq ötən dövr ərzində şəhər ərazisində erkən nikah halının baş verməməsinin sevindirici hal olduğunu vurğulayıb.
Çıxış edən digər natiqlər müasir dövrümüzün ən aktual problemlərindən biri olan narkomaniya və sosial problem olan erkən nikahla mübarizədə hərkəsi səfərbər olmağa çağırıblar.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.