Ümumdünya Sağlamlıq Günü qeyd olunub
Naftalan Şəhər İcra Hakimiyyətinin və Naftalan Reabilitasiya Mərkəzinin birgə təşkilatçılığı ilə “7 Aprel – Ümumdünya Sağlamlıq Günüdür” mövzusunda tədbir keçirilib. Tədbirdə ŞİH başçısının müavini Kəmalə Hüseynova, Reabilitasiya Mərkəzinin direktoru Samir Qurbanov, mərkəzin həkim və tibb kollektivi, o cümlədən mərkəzdə müalicə alan şəxslər iştirak edib.
Tədbiri giriş sözü ilə açan ŞİH başçısının müavini Kəmalə Hüseynova əhalinin sağlamlığının qorunmasında dövlətin diqqət və qayğısını vurğulayaraq bildirib ki, sağlamlığa gedən yol sağlam həyat tərzi və düzgün qidalanmadan keçir.
Digər natiqlər bildiriblər ki, yaşadığımız dövrün ən böyük problemlərindən biri sağlamlığın ən vacib ünsürlərinə lazımi diqqət yetirməməkdir. Düzgün qidalanma, idmanın və sağlam həyat tərzinin təbliği, gənclər arasında sağlam vərdişlərin yayılmasının vacibliyi xüsusi vurğulanıb.
Ümumdünya Sağlamlıq Günü sağlamlığın və səhiyyənin problemlərinə yönələn və bəşəriyyətin hər bir sakininin sağlamlığının qorunması və əmin-amanlığının təmin edilməsi üçün birgə fəaliyyət göstərməyə xidmət edən tədbirdir.















