Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib
Naftalanda Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.
Tədbirdə ŞİH başçısı, hüquq mühafizə orqanlarının rəhbərləri, YAP Naftalan Şəhər təşkilatının sədri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi, idarə, müəssisə, təşkilat rəhbərləri, ziyalılar iştirak edib.
Öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilərək xatirəsi böyük ehtiramla anılıb.
Tədbir iştirakçıları Ümummilli Liderin şərəfli ömür yolunu əks etdirən foto-eksponatlarla tanış olublar.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən filmin nümayişi ilə tədbir davam etdirilib.
ŞİH-nin başçısı Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətlərindən danışaraq Heydər Əliyevin Azərbaycan xalqının və dövlətinin milli maraqlarını hər şeydən uca tutan, onu ümumi məqsədlər naminə səfərbər etməyi bacaran dünya miqyaslı lider, dahi rəhbər olduğunu qeyd edib.
Digər çıxış edən natiqlər də ölkəmizdə qazanılan uğurların dahi Heydər Əliyev siyasətinin bəhrəsi olduğunu xüsusi vurğulayıblar.
Tədbirin rəsmi hissəsindən sonra Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkın ərazisində ağacəkmə aksiyası keçirilib. Aksiyada 101 ədəd müxtəlif növ ağaclar əkilmişdir.