“Turizm və məşğulluq imkanları: Regionlarda inkişaf və sosial rifah” mövzusunda tədbir keçirilib
Naftalan şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Turizm və məşğulluq imkanları: Regionlarda inkişaf və sosial rifah” mövzusunda tədbir keçirilib.
Tədbirdə Naftalan Şəhər İcra Hakimiyyətinin, Dövlət Məşğulluq Agentliyinin Gəncə-Daşkəsən Regional Məşğulluq filialının əməkdaşları və Naftalan xidmət şöbəsinin müdiri, şəhərdə fəaliyyət göstərən otel və müalicə mərkəzlərinin məsul əməkdaşları, aidiyyəti üzrə idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Tədbirdə regionlarda turizmin sosial-iqtisadi inkişafın mühüm tərkib hissəsi olduğu vurğulanaraq, xüsusilə Naftalanın unikal müalicəvi neft amilinə əsaslanan turizm potensialının ölkə iqtisyyatına verdiyi töhfələrdən geniş bəhs edilib. Qeyd olunub ki, müalicəvi turizmin inkişafı məşğulluğun artırılmasına, xidmət sahələrinin genişlənməsinə, yerli sahibkarlığın stimullaşdırılmasına, eləcə də investisiya cəlbediciliyinin yüksəldilməsinə mühüm təsir göstərir.
Çıxışlarda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Naftalan şəhərinin hərtərəfli inkişafına, o cümlədən Naftalan neftinin yenidən işlənməsi, keyfiyyət göstəricilərinin yüksəldilməsi və müalicəvi məqsədlərlə istifadəsinin genişləndirilməsi istiqamətində göstərdiyi diqqət və qayğı xüsusi olaraq qeyd edilib. Dövlət Başçısının müvafiq tapşırıq və təşəbbüsləri nəticəsində Naftalan şəhərində müasir tələblərə cavab verən sanatoriya-kurort infrastrukturu formalaşdırılmış, göstərilən xidmətlərin keyfiyyəti yüksəldilmiş, şəhərin regional və beynəlxalq turizm xəritəsində mövqeyi daha da möhkəmləndirilmişdir.
Tədbir çərçivəsində turizmin regional iqtisadi inkişafda aparıcı qüvvəyə çevrilməsi, dövlət–özəl sektor əməkdaşlığının genişləndirilməsinin vacibliyi diqqətə çatdırılıb. Eyni zamanda, peşə-kadr hazırlığının gücləndirilməsi, turistlərə göstərilən xidmətlərin daha yüksək səviyyədə təşkili və təkmilləşdirilməsi istiqamətində müzakirələr aparılıb, təkliflər səsləndirilib.















