Şriftin ölçüsü :

Saytın rəngi :

Talış-Tapqaraqoyunlu-Naftalan yeni avtomobil yolunun tikintisi sürətlə davam etdirilir

06 avqust 2022 | 12:09

Prezident İlham Əliyev tərəfindən 2021-ci ilin oktyabr ayının 3-də Tərtər rayonunda təməli qoyulan Talış-Tapqaraqoyunlu-Naftalan şəhəri yeni avtomobil yolunun tikintisi sürətlə davam etdirilir. Yeni avtomobil yolu uzunluğu 22 kilometr təşkil etməklə 4 yaşayış məntəqəsini birləşdirəcək.

Talış-Tapqaraqoyunlu-Naftalan şəhəri yeni avtomobil yolunun 19 kilometrlik hissəsi II, 3 kilometrlik hissəsi isə IV texniki dərəcəyə uyğun inşa olunur. Müvafiq olaraq yolun layihə üzrə hərəkət hissəsinin eni 19 kilometrlik hissədə 9 metr, 3 kilometrlik hissədə isə 6 metr, torpaq yatağının eni 15 və 10 metr təşkil edəcək.

Aparılan tikinti işləri çərçivəsində artıq yolun ilk 9 kilometrlik hissəsində yararsız qrunt müxtəlif dərinliklərdə qazılaraq çıxarılıb, əks-dolğu işləri aparılmaqla yeni yol yatağı və yol əsası inşa olunub. Suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif diametrlərə malik yeni suötürücü boruların, düzbucaqlı keçidlərin inşası işləri icra edilib. “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən daha sonra yola alt qat olmaqla yeni asfalt-beton örtüyü döşənib.

Hazırda yolun İncəçaydan sonra Qaşaltı Qaraqoyunlu kəndinə doğru, 9-22-ci kilometrlik hissədə sadalanan işlərin icrası davam etdirilir. Bu çərçivədə yeni yol yatağı inşa olunub, yol əsasının tikintisi isə davam etdirilərək yeni asfalt-beton örtüyünün döşənməsinə hazırlıqlar görülür.

Talış-Tapqaraqoyunlu-Naftalan şəhəri yeni avtomobil yolunun inşası layihəsi çərçivəsində İncəçay üzərində 84 metr uzunluğa malik avtomobil körpüsünün tikintisi davam etdirilir. Körpü 3 aşırımlı olmaqla inşa edilir və eni 14,5 metr olacaq.

Artıq ərazidə qazma və svay bərkitmə işləri icra olunub, körpünün bünövrə və dayaqları inşa edilib. Hazırda körpünün aşırım tirlərinin quraşdırılmasına hazırlıq işləri görülür. Körpü qüvvədə olan normativ yüklərə görə, 9 bal seysmikliyi nəzərə alınmaqla inşa olunur.

Layihənin sonuncu mərhələsində zəruri olan ərazilərdə yol kənarlarında beton küvetlərin inşası, avtobus dayanacaqlarının, həmçinin avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədilə yol nişanı, kilometr göstəricisi və məlumatverici lövhələrin quraşdırılması işləri aparılacaq.

Talış-Tapqaraqoyunlu-Naftalan şəhəri yeni avtomobil yolunun inşasının 2022-ci ilin sonunadək yekunlaşdırılması planlaşdırılır.

Tərtər rayonunun Talış, Goranboy rayonunun Tapqaraqoyunlu və Qaşaltı Qaraqoyunlu kəndlərini keçməklə Naftalan şəhərinə doğru uzanan yeni yolun inşası yolboyu yerləşən yaşayış məntəqələrinin sakinlərinin rahat gediş-gəlişi ilə bərabər bölgənin sosial-iqtisadi inkişafına töhfə verəcək, həmçinin Tərtər şəhəri ilə yanaşı alternativ olaraq Naftalan şəhərindən də bu istiqamətdə rahat və təhlükəsiz hərəkəti təmin edəcək.

Beləliklə Naftalana gələn yerli və xarici turistlər işğaldan azad olunmuş torpaqlarımıza, əzəli Azərbaycan torpağı Qarabağa səfər edə biləcəklər. Bu da eko və aqro turizmin inkişafına birmənalı təkan verəcəkdir.

 

 

Keçidlər