Sudan səmərəli istifadəyə dair tədbir keçirilib
Naftalanda “Su ehtiyatlarından səmərəli istifadənin təmin olunması, alternativ su mənbələrinin yaradılması və həmin mənbələrdən istifadənin genişləndirilməsi” ilə bağlı maarifləndirici tədbir keçirilib.
Tədbirdə ŞİHB-nın müavini Arzu Məmmədov, Ekologiya və Təbii Sərvətlər Nazirliyin Aparatının Ekoloji təhlükəsizlik fəaliyətinin təhlili və qiymətləndirilməsi şöbəsinin əməkdaşları Bəxtiyar Seyidov və Rəsul Rəhmanov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı Natiq Bayramov, “Azərsu” ASC-nin 7 nömrəli Regional Su-Kanal İdarəsinin rəisi Xaqani Vəliyev, Goranboy Suvarma Sistemləri İdarəsinin rəisi İlqar Məhərrəmov, inzibati ərazi dairələri üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak edib.
ŞİHB-nın müavini ümumbəşəri ekoloji problemlər, iqlim dəyişiklikləri və onların canlı aləmə mənfi təsirlərindən söhbət açaraq bu sahəyə diqqətin artırılması, beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin əhəmiyyətini iştirakçıların diqqətinə çatdırıb. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncamının əhəmiyyətindən danışaraq sudan səmərəli istifadə olunmasının vacibliyini vurğulayıb. Qeyd edib ki, şəhər ərazisində suvarma zamanı su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunması və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə xüsusi qərargah yaradılıb.
Digər çıxış edənlər ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin vacibliyini vurğulayaraq sudan məişətdə və kənd təsərrüfatında qənaətlə istifadənin təmin edilməsinin müsbət nəticələrindən söhbət açıblar. Sudan səmərəli istifadə edilməsinə nəzarət məqsədi ilə mütəmadi olaraq monitorinqlər keçirilməsinin vacibliyini vurğulayıblar. Eyni zamanda sudan səmərəli istifadəyə dair əhali arasında maarifləndirmə işinin aparılmasının vacibliyini qeyd ediblər.