“Şəhərsalma və Memarlıq İli” çərçivəsində növbəti tədbir keçirilib
Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhər Heydər Əliyev Mərkəzinində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Milli memarlıq ənənələrinin müasir şəhərsalmada rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə Naftalan ŞİH-nin məsul əməkdaşları, YAP Naftalan şəhər təşkilatının sədri, idarə, müəssisə və təşkilat rəhbərləri, ziyalılar iştirak edib.
Öncə iştirakçılar Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini özündə əks etdirən foto-eksponatlara baxış keçiriblər. Azərbaycan memarlıq ənənələrini özündə ehtiva edən kitablarla tanış olublar, məktəblilərin hazırladıqları əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Şəhidlərimizin xatirəsi biri dəqiqəlik sükutla yad edilib. Azərbaycanda memarlıq və şəhərsalma sahəsində həyata keçirilən inkişaf strategiyasına həsr olunmuş, video çarx nümayiş etdirilib.
Çıxışlarda Azərbaycanın zəngin tarixi-memarlıq irsinin qorunmasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğu vurğulanıb. Qeyd edilib ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə memarlıq, şəhərsalma və kurort-turizm sahələrinin inkişafına xüsusi diqqət yetirilmiş, milli memarlıq irsi qorunaraq müasir şəhərsalma prinsiplərinə əsaslanan inkişaf modeli formalaşdırılmışdır.
Bildirilib ki, bu strateji inkişaf xətti bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri ölkənin şəhərsalma siyasətinin yeni mərhələsini təşkil edir.
Çıxışlarda, həmçinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun tarixi-memarlıq abidələrinin bərpası, qorunması və beynəlxalq səviyyədə tanıdılması istiqamətində həyata keçirdiyi fəaliyyətindən bəhs edilib. Qeyd olunub ki, bu təşəbbüslər milli-mədəni irsin qorunmasına və gələcək nəsillərə çatdırılmasına mühüm töhfə verir.















