Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhərin Qasımbəyli kəndinin su təchizatı yenidən qurulub

10 oktyabr 2025 | 11:27

Naftalan şəhərinin Qasımbəyli kəndində su təchizatı yenidən qurulub. Kənd əhalisi tam olaraq içməli su ilə təmin edilib.

Bu münasibətlə Qasımbəyli kəndində tədbir təşkil olunub. Tədbirdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müavini İlham Bayramov, Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri Zakir Quliyev, Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov və kənd sakinləri iştirak ediblər. Çıxışlar zamanı bildirilib ki, Qasımbəyli kəndində əhalinin mərkəzləşdirilmiş su təchizatı sisteminin yaradılması məqsədilə Naftalan şəhərinin mövcud su təchizatı sisteminin imkanlarından istifadə edilməklə, kənddaxili şəbəkə sistemi inşa olunub. Bu məqsədlə 40-100 millimetr diametrli, 8,7 kilometr su xətti çəkilib və 140 abonentə evə birləşməsi verilib. Əhaliyə verilən suyun dəqiq uçotunun aparılması və sudan qənaətlə istifadə məqsədilə hər bir abonent su sayğacları ilə təchiz edilib.           

Sakinləri təbrik edərək bildirilib ki, son illər Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin regionlara göstərdiyi diqqət, qayğısı və tapşırıqları əsasında kənd və qəsəbələrimizdə su problemi artıq həllini tapmışdır. Bu layihənin həyata keçirilməsi kənd sakinlərinin təmiz içməli su ilə təmin olunması, məişət şəraitlərinin yaxşılaşması ilə yanaşı əhalinin sağlamlıqlarının qorunmasına da olduqca müsbət təsir göstərəcəkdir.

Açılış mərasimində iştirak edən kənd sakinləri indiyədək su təminatı baxımından ciddi çətinliklərlə qarşılaşdıqlarını bildiriblər. Bu sahədə problemlərin həllinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, Naftalan şəhərinin mövcud su təchizatı Qaraçay çayında inşa edilmiş infiltrasiya tipli su mənbəyindən Goranboy şəhərinə nəql edilən magistral su kəmərinə birləşmə verilməklə təmin edilməkdədir. Şəhər daxilində 3 meydançada su anbarı kompleksi, 2 nasos stansiyası, 43.6 kilometr su şəbəkəsi, 39,4 kilometr kanalizasiya şəbəkəsi, məhsuldarlığı 3000 kubmetr olan tullantı sutəmizləyici qurğular kompleksi istismar edilir.

Keçidlər