Şəhər ictimaiyyəti ilə görüş keçirilib
Tamaşaçı auditoriyasının rəy və təkliflərini yerindəcə öyrənmək məqsədilə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində fəaliyyət göstərən Analitik qrup üzvləri Naftalan şəhərinə səfər edib və şəhər ictimaiyyəti ilə görüş keçirib.
Görüşdə Naftalan Şəhər İcra Hakimiyyəti başçısının müavini Arzu Məmmədov, AzTV-nin Analitik şöbənin rəisi Faiq Hüsiyev və analitik qrupun üzvləri iştirak ediblər.
Görüş zamanı yerli tamaşaçı auditoriyasının rəy və təklifləri dinlənilib, fikir mübadiləsi aparılıb. Azərbaycan Televiziyasının Analitik qrupun rəhbəri, əməkdar jurnalist Faiq Hüsiyev və digər qonaqlar çıxış edərək Azərbaycan Televiziyasının fəaliyyətinin müqayisəli təhlili, həmçinin yaradıcı strukturlarının fəaliyyət effektivliyi, televiziya və radio layihələrinin aktuallığının ilkin təhlili və qiymətləndirilməsi haqda məlumat veriblər, son dövrlərin keyfiyyət dəyişikliyini diqqətə çatdırıblar.
Görüşdə qeyd olunub ki, tamaşaçılarına müxtəlif sahələrlə bağlı zəngin verilişlər təqdim edən doğma Azərbaycan televiziyası dəyərlərimizi yaşatmaqla fəaliyyətini uğurla davam etdirir. Ədəbi dil normalarının və milli-mənəvi dəyərlərimizin qorunmasında AzTV, Mədəniyyət və İdman telekanallarının əvəzsiz xidmətləri var. Bununla yanaşı respublikamızın regionlarında yaşayan izləyicilərin maraqlarına cavab vermək də televiziyanın prioritetlərindəndir.
Sakinlər yerli səviyyədə keçirilən tədbirlərin televiziyada çox az işıqlandırılmasını Analitik qrup üzvlərinin diqqətinə çatdırıblar.
Görüşün keçirilməsində əsas məqsəd əldə olunan məlumatlar əsasında televiziya və radionun ümumi inkişaf perspektivlərini təhlil etmək, müvafiq təklif və rəyləri hazırlayaraq teleşirkət rəhbərliyinə təqdim etməkdir.