“Sağlam qida həftəsi” çərçivəsində tədbir keçirilib
Naftalan Şəhər İcra Hakimiyyətinin və şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidentinin 29 aprel 2019-cu il tarixli 1143 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın 10.12.4; 10.12.5. bəndlərinin icrasının təmin edilməsi məqsədi ilə keçirilən “Sağlam qida həftəsi” çərçivəsində “Milli mətbəx nümunələri-sağlam qidalanma” mövzusunda tədbir keçirilib.
Təbirdə ŞİH-nin, AQTA-nın Gəncə-Daşkəsən RB-nin əməkdaşları, Heydər Əliyev Mərkəzinin kollektivi, GEM-nin direktoru, Mərkəzi xəstəxananın həkimləri, valideynlər və uşaqlar iştirak edib.
Öncə iştirakçılar Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini özündə əks etdirən foto-eksponatlarla tanış olublar.
Tədbirdə düzgün qidalanmanın sağlamlığın ən əsas şərtlərindən biri olduğu, böyüyən nəslin sağlamlığını müəyyən edən əsas faktorlardan hesab olunduğu vurğulanıb. Normal böyümə və inkişaf üçün orqanizmin ehtiyac duyduğu vitamin və minerallara olan tələbatın ödənilməsinin vacibliyi qeyd edilib. Xüsusi həssas əhali qruplarının, uşaqların, hamilə qadınların düzgün qidalanmalarının əhəmiyyəti və vacibliyi barədə ətraflı məlumat verilib. Eyni zamanda konservləşdirilmiş qidalar, bakteriya mənşəli qida zəhərlənmələrinin təsviri və qarşısının alınması haqqında tövsiyələr verilib, məhsul alarkən etiket məlumatları ilə bağlı vacib məqamlar diqqətə çatdırılıb.
Tədbirin sonunda Azərbaycan mətbəxində xüsusi yeri olan təzə tərəvəzlərdən hazırlanmış salat nümunələri, həmçinin şərbətlər, kompotlar iştirakçılara təqdim olunub.