“Sağlam həyat, sağlam gələcək” mövzusunda maarifləndirici tədbir keçirilib
Naftalanda Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2022-ci il tarixli 3378 nömrəli “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın həyata keçirilməsinə dair Sərəncamının müvafiq bəndlərinə uyğun olaraq əhaliyə sağlam həyat tərzini aşılamaq, fiziki aktiv olmağın sağlamlığa olan faydaları, əhalinin müxtəlif təbəqələri, o cümlədən işləyən əhali üçün fiziki aktivliyin əhəmiyyəti barədə ictimaiyyəti məlumatlandırmaq məqsədi ilə “Sağlam həyat, sağlam gələcək” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə ŞİH-nin, Heydər Əliyev Mərkəzinin məsul əməkdaşları, Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru, DQİDK-nın Gəncə bölgəsinin əməkdaşı, müəllimlər, idmançılar, yeniyetmə və gənclər iştirak ediblər.
Çıxış edənlər sağlam həyat tərzinin əhəmiyyəti haqqında iştirakçılara geniş məlumat verib. Vurğulanıb ki, ölkəmizdə sağlam həyat tərzinin təbliği istiqamətində mühüm addımlar atılır. Bütün bunların əsasında Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və hazırda dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət dayanır.
Sağlam həyat tərzi, zərərli vərdişlərdən qorunmağın yolları, idmanla məşğul olmağın, düzgün qidalanmanın sağlamlığa müsbət təsirləri və s. barədə iştirakçılara ətraflı məlumat verilib, bunun üçün ölkəmizdə hər cür zəruri şəraitin yaradıldığı qeyd edilib.
Diskussiya şəraitində davam edən tədbirdə suallar cavablandırılıb, sağlam həyat tərzinin təbliği məqsədi ilə videoçarx nümayiş olunub, iştirakçılara bukletlər, maarifləndirici materiallar təqdim olunub.