Şriftin ölçüsü :

Saytın rəngi :

Şagirdlərin rəqəmsal mühitdə davranış qaydaları mövzusunda maarifləndirici tədbir keçirilib

29 aprel 2026 | 14:48

Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbdə “Şagirdlərin rəqəmsal mühitdə davranış qaydaları, sosial şəbəkə etikası” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Naftalan Şəhər İcra Hakimiyyətinin, Şəhər Polis Şöbəsinin, şəhər Qeydiyyat şöbəsinin məsul əməkdaşları, müəllimlər, valideynlər və şagirdlər iştirak edib.

Tədbirdə çıxış edənlər vurğulayıblar ki, rəqəmsal texnologiyaların həyatımızın ayrılmaz hissəsinə çevrildiyi müasir dövrdə şagirdlərin bu sahədə maarifləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bildirilib ki, sosial şəbəkələrdən düzgün və məqsədyönlü istifadə həm fərdi inkişafın təmin olunmasında, həm də cəmiyyətin sağlam informasiya mühitinin qorunmasında mühüm rol oynayır.

Şagirdlərə rəqəmsal mühitdə təhlükəsiz davranış qaydaları, şəxsi məlumatların qorunması, kibertəhlükələrdən müdafiə üsulları və onlayn ünsiyyət zamanı etik davranış prinsipləri barədə ətraflı məlumat verilib.

Xüsusilə qeyd olunub ki, sosial şəbəkələrdə paylaşım edərkən məsuliyyətli olmaq, digər şəxslərin hüquqlarına hörmətlə yanaşmaq, dezinformasiyanın yayılmasının qarşısını almaq və etik normalara riayət etmək hər bir istifadəçinin əsas vəzifələrindəndir.

Bununla yanaşı, valideynlərin diqqətinə çatdırılıb ki, uşaqların internetdən istifadəsinə nəzarətin təmin edilməsi, onların düzgün istiqamətləndirilməsi və açıq ünsiyyətin qurulması rəqəmsal təhlükələrin qarşısının alınmasında mühüm rol oynayır.

Tədbir zamanı maarifləndirici videoçarxlar nümayiş etdirilib, şagirdlərin sualları cavablandırılıb, mövzu ətrafında müzakirələr aparılıb.

Keçidlər