Qurtuluşdan inkişafa: müdrik siyasətin uğurlu nəticələri”
Naftalanda Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “15 iyun – Milli Qurtuluş Gününə həsr edilmiş tədbir keçirilib.
Tədbirdə ŞİH-nin başçısı, Türkiyə Cümhuriyyətinin Gəncə şəhərindəki Baş Konsulu, hüquq mühafizə orqanlarının rəhbərləri, YAP Naftalan Şəhər təşkilatının, Şəhər Ağsaqqallar Şurasının sədrləri, idarə, müəssisə, təşkilat rəhbərləri, ziyalılar iştirak edib.
Öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilərək xatirəsi dərin ehtiramla anılıb, Heydər Əliyev Mərkəzində Ümummilli Liderin şərəfli ömür yolunu əks etdirən foto-eksponatlara baxış keçirilib.
Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, tədbir Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən filmin nümayişi ilə davam etdirilib.
ŞİH-nin başçısı Vüqar Novruzov Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, müstəqil dövlətimizin qurulmasında və möhkəmlənməsində Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətlərindən danışıb. Qeyd edib ki, Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Ulu Öndərin siyasətini uğurla davam etdirməklə yeni dövlətçilik məktəbinin banisinə çevrilərək fəaliyyəti ilə yeni tarixi dövrün əsasını qoymuşdur.
Türkiyə Cümhuriyyətinin Gəncə şəhərindəki Baş Konsulu Recep Öztop çıxış edərək, qeyd edib ki, Azərbaycan-Türkiyə qardaşlığı əsrlərə arxalanır. Ulu Öndər Heydər Əliyev bu qardaşlıq əlaqələrinin möhkəmləndirilməsində, inkişaf etdirilməsində müstəsna xidmətlər göstərib. Bildirib ki, Türkiyə və Azərbaycan hər zaman bir-birilərinə dəstək olublar, çətinliklər qarşısında daim məğrur, sarsılmaz mövqe nümayiş etdiriblər.
Digər çıxış edənlər məhz Ulu Öndərin müdrikliyi və qətiyyəti sayəsində ölkəmizdə vətəndaş qarşıdurmasına son qoyulduğunu, Azərbaycanın dövlət müstəqilliyinin məhv olmaq təhlükəsindən xilas edildiyini söyləyiblər. Bildirilib ki, Ümummilli Lider Heydər Əliyev dövlətçiliyimizin qorunmasını, müstəqilliyimizin əbədiliyini və dönməzliyini təmin edib. Bu tarixi gün müasir Azərbaycan dövlətçiliyinin xilası günüdür.