Qurban bayramı Şəhid ailələri ilə birlikdə qeyd edilib
44 günlük Vətən müharibəsində erməni silahlı qüvvələrinin həyata keçirdiyi insanlığa və heç bir müharibə qaydalarına sığmayan terrorları nəticəsində onlarla günahsız dinc sakin dünyasını dəyişdi, yüzlərlə fərdi yaşayış evlərinə ciddi ziyan dəydi.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ziyan dəyən evlər bərpa edilərək sakinlərin ixtiyarına verilir. İstifadəyə verilən evlərdən biri də Naftalan şəhər Qaşaltı Qaraqoyunlu kənd sakini Qurbanov Nadir Elbrus oğluna məxsus yeni fərdi yaşayış evidir. Beş otaqdan ibarət yaşayış evinə ŞİH tərəfindən yeni əşyalar və mebellər alınıb, həyətə tamet daşları düzülüb, abadlıq işləri aparılıb.
ŞİH-nin başçısı Vüqar Novruzov müqəddəs Qurban bayramını şəhid ailələri və qazilərlə birgə şəhid Qurbanovların ailəsində yeni evində qeyd edib.
Tədbirdə ŞPŞ-nin rəisi Zaur Bədəlov, Şəhər Ağsaqqallar Şurasının sədri Möhübbət Bədəlov, Naftalan Cümə Məscidinin imamı Hacı Rəşad Hüseynov, şəhid ailələri, qazilər və digər məsul əməkdaşlar iştirak edib. Torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
ŞİH-nin başçısı çıxışında, dünya müsəlmanlarının mənəvi birlik və həmrəylik rəmzi olan Qurban bayramının ölkəmizdə dövlət səviyyəsində qeyd edildiyini vurğulayaraq bildirib ki, Müzəffər Ali Baş Komandanımızın və Rəşadətli Ordumuzun Vətən Müharibəsindəki Zəfəri xalqımızın əyilməz ruhunun təntənəsidir. Həmçinin, şəhid valideynləri ilə səmimi söhbət zamanı azad olunmuş torpaqlarımızda aparılan quruculuq işlərindən, şəhid ailələrinə, qazilərə göstərilən yüksək diqqət və qayğıdan söhbət açılıb, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə, Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlar ifadə olunub.
ŞİH-nin təşkilatçılığ ilə keçirilən tədbirdə ənənəyə uyğun olaraq qurban kəsilib, dualar oxunub. Sonda iştirakçılara bayram sovqatları təqdim olunub. Nadir Qurbanov müqəddəs bayramı yeni evində onunla birlikdə qeyd etdiklərinə görə öz dərin minnətdarlığını ifadə edib.
Qeyd edək ki, 27 sentyabr 2020-ci ildə erməni terrorçularının atdığı top mərmisi nəticəsində Naftalan şəhər Qaşaltı Qaraqoyunlu kənd sakini Qurbanov Nadir Elbrus oğlunun ikisi uşaq olmaqla 5 ailə üzvü həyatını itirib.