Qış mövsümünə hazırlığın yekunlarına həsr olunmuş müşavirə keçirilib
Naftalan Şəhər İcra Hakimiyyətində 2022-2023-cü illərin payız-qış mövsümünə hazırlıqla bağlı təsərrüfat xidmətlərinin, ayrı-ayrı idarə, müəssisə və təşkilatların qarşısında duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib.
Müşavirədə Naftalan ŞİH-nin başçısı, şəhər polis şöbəsinin rəisi, icra hakimiyyətinin məsul əməkdaşları, idarə, müəssisə və təşkilatların, şəhərin xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Şəhər rəhbəri qış mövsümünə hazırlıqla bağlı görülmüş işlər haqqında ətraflı məlumat verərək vurğulayıb ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bütün bölgələrində olduğu kimi, Naftalan şəhərində də əhalinin rifahının yüksəldilməsi istiqamətində infrastruktur layihələr, kommunal xidmət sahələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı işlər uğurla həyata keçirilir. Həmçinin qarşıda duran vəzifələr iştirakçıların nəzərinə çatdırılaraq, zəruri tədbirlərin həyata keçirilməsinin vacibliyi vurğulanıb.
Payız-qış mövsümü ilə əlaqədar şəhər icra hakimiyyətində təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq fəaliyyət göstərən ayrı-ayrı təsərrüfat xidmətlərinin sərt havalarda xüsusi rejimində çalışacağı, yaranan çatışmazlıqların aradan qaldırılması məqsədilə operativ tədbirlərin görüləcəyi də diqqətə çatdırılıb. Həmçinin xidmət sahələrinin rəhbərləri qış mövsümünə hazırlığın yekunları və qarşıda duran vəzifələrlə bağlı hesabat məruzələri ilə çıxış ediblər.
Müzakirələr zamanı mövsümi məsələlərin həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.