“Qida mədəniyyəti, sağlam həyat tərzi”
Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidentinin 29 aprel 2019-cu il tarixli 1143 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın 10.12.3; 10.12.4; 10.12.5. bəndlərinin icrasının təmin edilməsi məqsədi ilə keçirilən ”Sağlam qida həftəsi” çərçivəsində “Qida mədəniyyəti, sağlam həyat tərzi” mövzusunda tədbir keçirilib.
Təbirdə ŞİH-nin, AQTA-nın Gəncə-Daşkəsən regional bölməsinin əməkdaşları, tibb işçiləri, ictimaiyyət nümayəndələri, gənclər iştirak edib.
Tədbirdə düzgün qidalanmanın insan sağlamlığının mühüm şərtlərindən biri olduğu, böyüyən nəslin sağlamlığını formalaşdıran əsas amillərdən sayıldığı diqqətə çatdırılıb. Normal inkişaf və böyümə üçün orqanizmin zəruri vitamin və minerallara olan tələbatının qarşılanmasının vacibliyi vurğulanıb. Xüsusi həssas əhali qrupları – uşaqların və hamilə qadınların sağlam qidalanmasının əhəmiyyəti barədə geniş məlumat verilib. Həmçinin konservləşdirilmiş qidaların orqanizmə təsiri, bakteria mənşəli qida zəhərlənmələrinin qarşısının alınması yolları izah olunub. Məhsul seçərkən etiket üzərindəki məlumatlara diqqət yetirilməsinin vacibliyi ilə bağlı tövsiyələr verilib.
Tədbirin sonunda sağlam qidalanmanı təbliğ etmək məqsədi ilə videomateriallar, təzə meyvə, tərəvəzlər, tərəvəzlərdən hazırlanmış salat nümunələri, həmçinin şirələr iştirakçılara təqdim olunub.















