Şriftin ölçüsü :

Saytın rəngi :

Qaşaltı Bağlarına infotur təşkil olunub

09 iyul 2026 | 13:02

Naftalan Şəhər İcra Hakimiyyətinin və Gəncə Regional Turizm İdarəsinin birgə təşəbbüsü və dəstəyi ilə Naftalan şəhərinin inzibati ərazisində yerləşən “Qaşaltı Bağlarına”  infotur təşkil olunub.

İnfoturda Naftalan şəhərində fəaliyyət göstərən yerləşmə müəssisələrinin rəhbər və menecerləri, Gəncə və Naftalan şəhərlərində fəaliyyət göstərən turizm şirkətlərinin nümayəndələri, eləcə də yerli və xarici turistlər iştirak ediblər.

Tədbir çərçivəsində iştirakçılara Qaşaltı Bağlarının aqroturizm potensialı, təqdim olunan xidmətlər, bağın yaradılma məqsədi və inkişaf istiqamətləri barədə ətraflı məlumat verilib. Qonaqlar bağın infrastrukturu ilə tanış olub, burada yaradılmış istirahət məkanlarını, meyvə bağlarını və digər aqroturizm elementlərini yaxından müşahidə etmək imkanı əldə ediblər.

Bununla yanaşı, infotur iştirakçılarına Qərb regionuna xas milli mətbəx nümunələri, yerli sənətkarların əl işləri və Naftalan neftindən hazırlanan müxtəlif suvenir və kosmetik məhsullar nümayiş etdirilib. Tədbir çərçivəsində qonaqlar yerli məhsullarla yaxından tanış olmaq və regionun zəngin mədəni irsini əks etdirən nümunələri qiymətləndirmək imkanı əldə ediblər.

İnfoturun əsas məqsədi Qaşaltı Bağlarının turizm məhsulu kimi tanıdılması, Naftalanın turizm təkliflərinin şaxələndirilməsi, müalicə turizmi ilə aqroturizmin inteqrasiyasının təşviqi, eləcə də regionun kulinariya, sənətkarlıq və sağlamlıq turizmi potensialının geniş auditoriyaya təqdim olunması olub.

Tədbir iştirakçıları Qaşaltı Bağlarının Naftalanın turizm məhsulunu zənginləşdirən yeni məkanlardan biri olduğunu, turistlərin bölgədə qalma müddətinin artırılmasına və regionda aqroturizmin inkişafına mühüm töhfə verəcəyini bildiriblər.

Keçidlər