Qarabağ müharibəsi əlilinə növbəti sosial dəstək göstərilib
Dövlətimizin sosial siyasətinin prioritet istiqamətlərindən biri Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda sağlamlığını itirmiş müharibə əlillərinə, veteranlarına və şəhid ailələrinə hərtərəfli dövlət qayğısının göstərilməsidir. Bu siyasət Azərbaycan dövlətinin sosial ədalət, humanizm və milli-mənəvi dəyərlərə sadiqliyinin bariz təzahürüdür. Ölkə rəhbərliyinin həyata keçirdiyi sosial dəstək proqramları müharibə iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsinə, rifah halının yaxşılaşdırılmasına və cəmiyyətə inteqrasiyasına xidmət edir.
Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq Naftalan Şəhər İcra Hakimiyyəti tərəfindən birinci qrup Qarabağ müharibəsi əlili, Naftalan şəhər sakini Dəmirov Yaməddin Hidayət oğluna müraciəti əsasında elektron əlil arabası təqdim olunub.
Yaməddin Dəmirov ona göstərilən diqqət və qayğıya görə dərin minnətdarlığını ifadə edərək bildirib ki, müharibə əlilləri və veteranlara göstərilən yüksək dövlət qayğısı onların daim dövlətin diqqət mərkəzində olduğunu bir daha təsdiqləyir. O, möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin insanların rifahının yüksəldilməsinə mühüm töhfə verdiyini, göstərilən dəstəyin gündəlik həyatının daha rahat təşkilinə və mənəvi gücünün artmasına səbəb olduğunu vurğulayıb.















