Növbəti maarifləndirici tədbir keçirilib
Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Korrupsiyaya qarşı mübarizədə cəmiyyətin rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə Şəhər İcra Hakimiyyətinin, Polis Şöbəsinin əməkdaşları, Naftalan Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, digər məsul şəxslər iştirak edib.
Dövlət qurumlarının fəaliyyətində şəffaflığın artırılması, idarəetmədə hesabatlılığın gücləndirilməsi, eləcə də korrupsiyaya şərait yaradan halların vaxtında aşkar edilərək qarşısının alınması istiqamətində görülən tədbirlərin əhəmiyyətindən bəhs edilib. Korrupsiya ilə mübarizənin hüquqi əsasları, bu sahədə tətbiq olunan sanksiyalar və hüquqpozmalara görə nəzərdə tutulmuş məsuliyyət növləri barədə ətraflı məlumat verilib.
Tədbirin keçirilməsində əsas məqsəd Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 04 aprel 2022-ci il tarixli, 3199 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın 6.2-ci bəndində müəyyən edilmiş tədbirlərin icrasını təmin etməkdən ibarət olub. Qeyd olunub ki, korrupsiyaya qarşı sistemli və ardıcıl mübarizə dövlət siyasətinin əsas tərkib hissəsi olmaqla, hüquqi dövlətin və şəffaf cəmiyyətin formalaşdırılmasına xidmət edir. Eyni zamanda tədbir iştirakçıları ilə aparılan müzakirələr zamanı korrupsiyaya qarşı mübarizədə ictimai nəzarətin və maarifləndirmə işlərinin xüsusi rolu qeyd olunub.















