“Narkomaniya, zərərli vərdişlər və erkən nikahın fəsadları” mövzusunda tədbir keçirilib
Naftalan Şəhər İcra Hakimiyyətinin və Şəhər Polis Şöbəsinin birgə təşkilatçılığı ilə Naftalan şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbdə “Narkomaniya, zərərli vərdişlər və erkən nikahın fəsadları” mövzularında maarifləndirici tədbir keçirilib.
Tədbirdə Şəhər İcra Hakimiyyətinin, Hüquq mühafizə orqanlarının məsul əməkdaşları, məktəbin direktoru, müəllimlər, valideynlər, eləcə də yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəb direktoru qonaqları salamlayaraq məktəblilərin zərərli vərdişlərdən uzaq tutulması, onların sağlam və savadlı fərdlər kimi yetişməsində maarifləndirici tədbirlərin, eləcə də məktəb-valideyn əməkdaşlığının böyük əhəmiyyət daşıdığını bildirib.
Daha sonra çıxış edən digər natiqlər narkomaniyaya qarşı mübarizə ilə yanaşı, erkən nikahların yarada biləcəyi ağır sosial, psixoloji və fiziki fəsadlara xüsusi diqqət çəkiblər.
Çıxışlarda erkən nikahların gənc qızların təhsildən yayınmasına və gələcək inkişafına mənfi təsir göstərdiyi vurğulanıb. Qeyd olunub ki, gənclərin hüquqlarının qorunması dövlətin prioritet vəzifələrindəndir.
Sonda mövzu ilə bağlı videoçarx nümayiş olunub, maarifləndirici bukletlər paylanılıb, valideynlərin və şagirdlərin sualları cavablandırılıb.















