Naftalanlı Şəhid və qazi ailələri Şuşaya səfər ediblər
Möhtərəm Prezidentimizin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı 44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə yüksələn Şəhidlərimizin ailələri və qazilərimiz daim diqqət mərkəzində saxlanılır, bu istiqamətdə yerli icra hakimiyyətləri tərəfindən mütəmadi tədbirlər həyata keçirilir.
Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şəhid və qazi ailələri, onların övladları qürur mənbəyimiz olan Şuşa şəhərinə səfər ediblər.
ŞİH-nin başçısı Şəhid və qazi ailələrini yola salarkən qeyd edib ki, Möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərdə qəhrəman vətən övladlarının xidmətləri əvəzsizdir. Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman övladlarımızın xatirəsi dövlətimiz və xalqımız tərəfindən daim əziz tutulur, sağlamlığını itirmiş qazilərimiz hər zaman qayğı ilə əhatə olunur.
Şuşa gəzintisi çərçivəsində mədəniyyətimizin beşiyi olan Şuşa şəhərinin tarixi yerləri ilə tanış olublar. Əsgəran və Şuşa qalasında, Xan qızı bulağında olublar, bəstəkar Üzeyir Hacıbəyovun abidəsini, Mehmandarovların ev muzeyini, Bülbülün ev muzeyini, Yuxarı Gövhər Ağa məscidini, İsa bulağını, Cıdır düzünü ziyarət ediblər.