Naftalanlı cüdoçular qızıl medalla təltif olunub
Azərbaycan birinciliyində Naftalan şəhərini təmsil edən idmançı Naftalan UGİM-in yetirməsi Şərbətova Zeynəb Rəfail qızı (57 kq çəki dərəcəsində)13–14 dekabr 2025-ci il tarixlərində Bakı şəhərində keçirilən gənclər arasında U-20 cüdo üzrə Azərbaycan birinciliyində yüksək nəticə göstərərək I yerə layiq görülüb və qızıl medalla təltif olunub. Həmçinin Naftalan UGİM-in yetirməsi Rəhimli Fəridə Kərəm qızı 22-23 noyabr 2025-ci il tarixlərində U-14 yeniyetmələr arasında Liqa yarışının IV turunda (36 kq çəki dərəcəsində) I yerin qalibi olaraq qızıl medala layiq görülmüşdür.
Naftalan Şəhər İcra Hakimiyyəti başçısı səlahiyyətlərini müvəqqəti icra edən, ŞİH başçısının müavini Arzu Məmmədov idmançılarımız Zeynəb Şərbətova, Fəridə Rəhimli və onların məşqçi müəllimi, idman ustası Fuad Əliyevlə görüşüb. Görüşdə Naftalan ŞİH-nin məsul əməkdaşları, Naftalan şəhəri üzrə gənclər və idman sektorunun müdiri Tural Hümbətov, Naftalan UGİM-in direktoru Sənan Axundov iştirak ediblər.
Görüşdə Arzu Məmmədov yer tutan idmançıları əldə etdikləri nailiyyət münasibətilə təbrik edib, səmimi ürək sözlərini çatdırıb. Ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyeva tərəfindən idman sahəsinə, idmançılara göstərilən diqqət və qayğıdan söz açaraq bu sahədə qazanılan nailiyyətlərin gənc nəslin idmana marağının daha da artmasına mühüm töhfə verdiyini vurğulayıb.
Çıxış edənlər idmançıların nümayiş etdirdikləri yüksək iradə, əzmkarlıq və peşəkarlığı xüsusi vurğulayaraq onları təbrik edib, gələcək yarışlarda yeni uğurlar arzulayıblar.
Görüşün sonunda qalib idmançılar mükafatlandırılıb, xatirə şəkli çəkdirilib.















