Naftalanın turizm potensialı Cənubi Koreya auditoriyasına təqdim olunur
Koreya Respublikasının “EBS Korea” televiziya kanalında yayımlanan və geniş tamaşaçı auditoriyasına malik olan “Travelogue Earth” səyahət verilişinin Azərbaycana həsr olunacaq növbəti buraxılışı üçün Naftalan şəhərində çəkilişlər aparılıb.
Çəkilişlərin əsas məqsədi Naftalan şəhərinin zəngin turizm imkanlarını və dünyada analoqu olmayan müalicəvi Naftalan neftini Cənubi Koreya ictimaiyyətinə daha yaxından tanıtmaqdır.
Veriliş çərçivəsində şəhərin müasir turizm infrastrukturu, sağlamlıq və istirahət mərkəzləri, təbii və mədəni turizm imkanları, həmçinin Naftalan nefti ilə həyata keçirilən müalicə prosedurları lentə alınıb. Çəkiliş qrupu Naftalanın qonaqpərvər mühiti və inkişaf edən turizm sektoru ilə yaxından tanış olub.
Qeyd edək ki, Naftalan şəhərinə hər il müxtəlif ölkələrdən minlərlə turist sağlamlıq turizmi məqsədilə səfər edir. Verilişin yayımlanması Naftalanın Cənubi Koreyada daha geniş tanıdılmasına və yeni turizm əlaqələrinin formalaşmasına şərait yaradacaq.















