Naftalanda yaşıllıqlar inventarlaşdırılır
Şəhər yaşıllıqlarının inventarlaşdırılması layihəsi IDEA İctimai Birliyinin təşəbbüsü, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə həyata keçirilir. Layihənin əsas məqsədi şəhər ərazisindəki yaşıllıq sahələrinin mühafizəsini gücləndirmək, ağacların mövcud vəziyyətini izləmək və onların davamlı qorunmasını təmin etməkdir. Bu təşəbbüs, eyni zamanda ekoloji maarifləndirməni artıraraq cəmiyyətin təbiətə qarşı daha məsuliyyətli və diqqətli münasibətinin formalaşmasını təşviq edir.
Yaşıllıqların qeydiyyatı üçün ağacların fotoları çəkilir, çəkilmiş şəkillərə GPS koordinatları, tarix, saat və digər identifikasiyaedici məlumatlar avtomatik əlavə olunur. Hər bir ağac üçün fərdi profil yaradılır və bu profillər vahid sistemə inteqrasiya olunur. Ağaclar barədə məlumatlar www.agac.az saytında ictimaiyyətə açıq şəkildə təqdim olunur. Bu platforma vasitəsilə ölkə üzrə, həmçinin Naftalan şəhərində qeydiyyata alınmış ağaclar haqqında bütün məlumatlara asanlıqla əlçatanlıq təmin edilir.
Ağaclar, iqlim dəyişikliyinə qarşı mübarizə aparan, biomüxtəlifliyin qorunmasına töhfə verən və təmiz hava təmin edən əvəzolunmaz təbii sərvətlərdir.
Layihə çərçivəsində Naftalan şəhərində hazırda 400-dən çox ağac inventarlaşdırılmışdır.















