Naftalanda “Uşaqlığın qorunan sabahı” adlı maarifləndirmə tədbiri keçirilib
Naftalan Şəhər İcra Hakimiyyətinin, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Naftalan şəhəri üzrə gənclər və idman sektorunun və Şəhər Polis Şöbəsinin birgə təşkilatçılığı ilə “Uşaq hüquqları aylığı” çərçivəsində “Uşaqlığın qorunan sabahı” adlı maarifləndirmə tədbiri keçirilib.
Tədbirin keçirilməsində əsas məqsəd uşaqların hüquqları, azadlıqları və qanuni mənafeləri barədə məlumatlılıq səviyyəsinin artırılması, onların hüquqlarının müdafiəsinin vacibliyinin diqqətə çatdırılması, eləcə də hər bir uşağın təhlükəsiz, sağlam və qayğıkeş mühitdə böyüməsinin əhəmiyyətinin təbliğ edilməsi olub.
Tədbirdə çıxış edənlər uşaqların cəmiyyətin ən həssas təbəqələrindən biri olduğunu vurğulayaraq, onların hüquqlarının qorunmasının dövlətin və cəmiyyətin əsas vəzifələrindən biri olduğunu bildiriblər. Qeyd olunub ki, uşaqların sağlam mühitdə böyüməsi, keyfiyyətli təhsil alması, istedad və bacarıqlarının inkişaf etdirilməsi, fiziki və mənəvi təhlükəsizliyinin təmin olunması onların gələcəkdə layiqli vətəndaş kimi formalaşmasında mühüm rol oynayır.
Həmçinin uşaqlara qarşı zorakılıq, laqeyd münasibət, erkən evlilik, zərərli vərdişlər və internet mühitində qarşılaşa biləcəkləri təhlükələr barədə ətraflı məlumat verilib. Bu halların qarşısının alınmasında valideynlərin, təhsil müəssisələrinin, müvafiq dövlət qurumlarının və bütövlükdə cəmiyyətin üzərinə düşən məsuliyyət diqqətə çatdırılıb.
İştirakçıları maraqlandıran suallar cavablandırılıb, uşaqların hüquqlarının müdafiəsi və təhlükəsizliyinin təmin olunması istiqamətində maarifləndirmə işlərinin davamlı aparılmasının vacibliyi vurğulanıb.















