Naftalanda turistlər arasında rəy sorğusu keçirilib
Naftalanda turizm xidməti keyfiyyətinin yüksəldilməsi, turist məmnunluğunun təmin edilməsi məqsədilə Naftalan ŞİH-nin təşkilatçılığı ilə hotel və müalicə mərkəzlərində turistlər arasında Azərbaycan, Rus və İngilis dillərində hazırlanmış rəy sorğusu keçirilib, respondentlərdən alınan cavablar əsasında hesabat hazırlanıb. Həmçinin, sorğu Beynəlxalq turizm mərkəzi olan Naftalanın turizm potensialının güclü və zəif tərəflərini təhlil etməyə imkan verir.
Fevral ayında keçirilmiş sorğunun nəticəsinə əsasən “Hansı mövsümdə istirahət etmək uyğundur” fikrinə 60% payız-qış mövsümünün uyğun olduğunu qeyd edib, bunun səbəbini həmin mövsümlərdə qonaq sıxlığının olmaması ilə əlaqələndiriblər.
Sorğunun nəticələrindən məlum olmuşdur ki, sorğu iştirakçılarının 40%-i dayaq hərəkət, 30%-i revmatizm, dəri və uroloji xəstəliklərin müalicəsi üçün gəliblər. Həmçinin “Naftalanda neçə gün qalmağı planlaşdırmısınız” sualına respondentlərin 80%-i 7-14 gün arası qalmağa üstünlük verdiklərini qeyd ediblər. Hotel və müalicə mərkəzlərindəki qiymətlərlə razıyam deyənlər 89% təşkil etmişdir.
Ümumilikdə sorğunun nəticəsindən aydın olmuşdur ki, bu gün Naftalan yerli və xarici qonaqlarda xoş təəssürat yaratmış, şəhərin infrastrukturundan, abad, təmiz və səliqəli saxlanılması fikrinə çox yaxşı və yaxşı cavabı 94% olmuşdur. Bununla yanaşı “Bugünkü Naftalanı əvvəlki səfərlərlə müqayisədə necə görürsünüz” fikrinə də 94 % şəxs cavab olaraq çox yaxşı və yaxşı bəndlərini təsdiqləyiblər.
Sorğuda şəhərdə istirahət və müalicə alan 100-ə yaxın yerli və xarici turist iştirak edib. Rəy sorğusunda iştirak edən respondentlərin 43%-ni Qazaxıstan, 35%-ni Rusiya Federasiyasından, həmçinin Estoniya, Litva, Özbəkistan, Belarusiyadan və Avstraliyadan gələnlər təşkil etmişdir. Qonaqların 40 %-i Heydər Əliyev adına Beynəlxalq Hava Limanından, 8%-i isə Gəncə Beynəlxalq Hava Limanından istifadə edərək Naftalana üz tutmuşlar.
Sorğu iştirakçıları müalicə aldıqları hotelin yüksək xidmət səviyyəsindən, həm də müalicənin keyfiyyətindən məmnunluqlarını bildirməklə yanaşı, personalın xarici dil biliklərinin səviyyəsinin artırılmasını, həmçinin, asudə vaxtlarının daha səmərəli keçməsi üçün şəhərdə ticarət və əyləncə mərkəzinin (MALL) olmasının və bəzi turizm obyektlərində təqdim olunan xidmət növlərinin artırılmasının vacibliyini qeyd ediblər.