Naftalanda təlim keçirilib
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu və Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naftalanda qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən yerli sahibkarlıq subyektlərinin əməkdaşları üçün “Qida sahəsində gigiyena tələbləri” mövzusunda növbəti təlim keçirilib.
Təlimdə sahibkarlıq subyektləri və onların əməkdaşları “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanunu və bu Qanundan irəli gələn tələblər haqqında ətraflı məlumatlandırılıb. Onlara qida obyektlərində qida məhsullarının qəbulu, emalı, saxlanması, daşınması zamanı gigiyena qaydalarının tətbiqi, eləcə də təhlükəli amillər, çirklənmə növləri və digər məsələlər barədə məlumat verilib.
İnteraktiv formada təşkil edilən təlimin sonunda müzakirələr aparılıb və iştirakçıların mövzu ilə bağlı bilik səviyyəsi qiymətləndirilib.
Qeyd edək ki, gigiyenik təlimlər “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinin tələblərinə uyğun olaraq keçirilir və bütün qida subyektlərinin işçi heyətinin gigiyenik təlimlərdə iştirakı məcburidir.