Naftalanda suvarma kanalları, arxlar lil və qamışdan təmizlənib
Naftalan şəhərinin inzibati ərazisində əkin sahələrinin vaxtında və keyfiyyətlə suvarılmasının təmin edilməsi, eləcə də su itkisinin qarşısının alınması məqsədilə Naftalan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən ardıcıl və planlı tədbirlər həyata keçirilir. Su kanallarının, arxların, eləcə də çay məcralarının lil, qamış, kol-kos və digər maneələrdən təmizlənməsi istiqamətində mütəmadi işlər görülür.
Şəhər ərazisindən keçən “Qaraçay” çayının və qaynama sularının axdığı, ümumi uzunluğu 2.2 km olan çay yatağının qamış, lil və müxtəlif çöküntülərdən genişmiqyaslı təmizləmə işlərinə başlanılmışdır.
Qeyd edək ki, çay yatağından istifadə olunmaqla Naftalan şəhərinin Qasımbəyli kəndinə aid 127 hektar əkin sahəsinin, həmçinin 26 hektar həyətyanı torpaq sahəsinin fasiləsiz və stabil suvarılması təmin edilir. Bu işlər kənd təsərrüfatının məhsuldarlığının artırılması və suvarma infrastrukturunun yaxşılaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Görülən tədbirlər nəticəsində su arxlarının ötürücülük qabiliyyəti əhəmiyyətli dərəcədə artırılacaq, suvarma zamanı yaranan itkilərin qarşısı alınacaqdır. Bu isə həm mövcud su ehtiyatlarından səmərəli istifadə olunmasına, həm də kənd təsərrüfatı fəaliyyətlərinin daha effektiv həyata keçirilməsinə imkan yaradır.















