Naftalanda şahmat turniri keçirilib
Naftalan şəhər İcra Hakimiyyətinin, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Naftalan şəhəri üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə şahmat turniri keçirilib.
Tədbirdə Naftalan ŞİH-nin məsul əməkdaşları, Naftalan şəhəri üzrə gənclər və idman sektorunun müdiri, UGİM-in direktoru, şahmatçılar iştirak ediblər.
Turnirin açılış mərasimində çıxış edənlər yeniyetmə şahmatçıları salamlayaraq turnirin əsas məqsədinin şahmatın mənimsənilmə səviyyəsinin artırılması, istedadlı gənclərin üzə çıxarılması olduğunu qeyd edib, iştirakçılara uğurlar arzulayıblar.
Qeyd olunub ki, ölkəmizdə idmanın inkişafı üçün geniş imkanlar yaradılıb və əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasət Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, idmanın inkişafı daim diqqət mərkəzində saxlanılır, yüksək nəticələr əldə edilməsi, ölkəmizin idman nüfuzunun daha da yüksəlməsi istiqamətində mühüm işlər görülür. Gənclərin vətənpərvər, sağlam düşüncəli, dünyagörüşlü və intellektual yetişməsində idmanın rolu xüsusi vurğulanıb.
Naftalan UGİM-in şahmat bölməsinin müxtəlif yaş qrupları üzrə yetirmələri arasında keçirilən turnirdə 40 nəfər şahmatçı iştirak edib.
Maraqlı qarşılaşmalarla yadda qalan və səmimi mübarizə şəraitində keçirilən yarışın qaliblərinə diplomlar təqdim edilib.















