Naftalanda “Sahibkarlar Günü”nə həsr olunmuş tədbir keçirilib
Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhər Heydər Əliyev Mərkəzində 25 aprel “Sahibkarlar Günü”nə həsr olunmuş “Müasir iqtisadiyyatın inkişafında sahibkarların rolu” mövzusunda tədbir keçirilib. Tədbirdə Naftalan ŞİH başçısının müavini, məsul əməkdaşları, DTA-nın nümayəndəsi, KOB dostu, sahibkarlar, aidiyyəti qurumların rəhbərləri iştirak ediblər.
İştirakçılar Heydər Əliyev Mərkəzində Ümummilli Liderin şərəfli ömür yolunu özündə əks etdirən foto-eksponatlara baxış keçiriblər.
Öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin, xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Naftalanın turizm imkanlarını əks etdirən video materiallar nümayiş etdirilib.
ŞİH başçısının müavini Kəmalə Hüseynova möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə sahibkarlığın inkişafının dəstəklənməsi, özəl sektorun fəaliyyətinin genişləndirilməsi, iqtisadiyyata investisiya qoyuluşlarının stimullaşdırılması istiqamətində geniş islahatların aparıldığını vurğulayıb. Həmçinin bildirib ki, ölkə başçısının şəhərimizin dünya əhəmiyyətli kurort şəhərlərindən birinə çevrilməsi istiqamətində imzaladığı müvafiq Fərman və Sərəncamlar Naftalan kurort şəhərini beynəlxalq turizm mərkəzinə çevirib.
Çıxış edənlər qeyd ediblər ki, 25 aprel – Sahibkarlar Gününün təsis olunması ölkənin sosial-iqtisadi inkişafında və məşğulluğun təmin edilməsində sahibkarların roluna verilən yüksək qiymətin ifadəsidir.
Sahibkarlıq subyektlərində olan mövcüd vəziyyət, peşə-kadr hazırlığı, turistlərə göstərilən xidmətlərin daha da yüksək səviyyədə aparılması və yaxşılaşdırılması istiqamətində müzakirələr aparılıb, sahibkarların müraciətləri və təklifləri dinlənilib.















