Sağlamlıq turizminin inkişafına dair tədbir keçirilib
Ölkəmizin sağlamlıq turizmi sahəsində geniş imkanlara malik olduğu nəzərə alınaraq, bu sahədə potensialın reallaşdırılmasında özəl sektorun iştirakının genişləndirilməsi, eləcə də sahibkarların təkliflərini və gözləntilərini öyrənmək üçün Naftalan şəhərində tədbir keçirilib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Dövlət Turizm Agentliyinin və Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən “Sağlamlıq turizminin inkişafı: mövcud vəziyyət və potensial biznes imkanları” mövzusunda tədbirdə müvafiq dövlət qurumlarının nümayəndələri və sahibkarlar iştirak ediblər.
Tədbir Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunub.
Tədbirdə çıxış edən Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Milli Məclisin deputatı Anar Məmmədov, Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Elnur Məlikzadə turizmin, o cümlədən sağlamlıq turizminin ölkə iqtisadiyyatının prioritet sahələrindən olması, bu sahədə Naftalan şəhərinin xüsusilə seçilməsi barədə fikirlərini bölüşüblər. Çıxışlarda vurğulanıb ki, Naftalanda 20-ə yaxın sanatoriya, kurort və mehmanxana fəaliyyət göstərir. Hər il minlərlə insan müalicə üçün Naftalana gəlir. Naftalana MDB-dən o cümlədən Avropa ölkələrindən gələn turistlərin sayı ildən ilə artır. Bu isə turizm şirkətləri üçün korporativ təkliflər formalaşdırmağa və bölgələrarası müxtəlif turizm marşrutlarının yaradılmasına imkan verir. Naftalandakı sağlamlıq mərkəzləri təkcə turizmin inkişafında deyil, həm də digər sektorlarda, xüsusilə ictimai iaşə və xidmət sahələrində çalışan çoxsaylı KOB subyektlərinin fəaliyyətinin genişləndirilməsində, şəhərin ümumi iqtisadi inkişafında, məşğulluğun artırılmasında da əhəmiyyətlidir.
Tədbirdə həmçinin, kadr ehtiyatlarının çatışmazlığı və bu istiqamətdə çətinliyin həlli yollarına, sağlamlıq turizminin genişləndirilməsində sığorta şirkətlərinin fəaliyyətinə, bu sahədə korporativ əməkdaşlığın inkişafına, turizm bazarında marketinqə, xidmət çeşidinin və keyfiyyətinin artırılmasına dair fikir mübadiləsi aparılıb.
Qeyd edilib ki, tədbir çərçivəsində qaldırılan məsələlər və formalaşan təkliflər gələcəkdə KOBİA ilə Dövlət Turizm Agentliyinin müvafiq sahədə birgə təşəbbüslərinin həyata keçirilməsi zamanı nəzərə alınacaqdır.