Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda sağlamlıq turizminin inkişaf perspektivləri müzakirə olunub

03 iyun 2026 | 16:03

Dövlət Turizm Agentliyinin təşkilatçılığı, Naftalan Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə 2–3 iyun 2026-cı il tarixlərində Naftalan şəhərində Sağlamlıq Turizmi üzrə İşçi Qrupun növbəti iclası keçirilib.

İşçi qrupun gündəliyinə uyğun olaraq tədbir çərçivəsində ilk olaraq Naftalan şəhərində fəaliyyət göstərən sağlamlıq turizmi müəssisələrinə sahə səfəri təşkil olunub. İştirakçılar Naftalan Turizm İnformasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub, şəhərdə turistlərin məlumatlandırılması istiqamətində həyata keçirilən işlər barədə məlumat əldə ediblər.

Səfər çərçivəsində Naftalan neft quyularına infotur təşkil olunub, iştirakçılar unikal müalicəvi xüsusiyyətlərə malik Naftalan neftinin hasilatı prosesi ilə yerində tanış olublar.

Daha sonra Naftalan şəhərində fəaliyyət göstərən sağlamlıq turizmi müəssisələrinə infotur keçirilib. İştirakçılara müəssisələrin fəaliyyəti, müalicə və reabilitasiya xidmətləri, wellness və SPA imkanları, eləcə də yerləşdirmə infrastrukturu barədə ətraflı məlumat təqdim olunub.

Növbəti gün keçirilən geniş tərkibli iclasda sağlamlıq turizminin inkişafı istiqamətində aktual məsələlər müzakirə edilib.

Dövlət Turizm Agentliyinin məsul əməkdaşı Rüstəm Mehtizadə çıxış edərək bildirib ki, Naftalanın sağlamlıq turizmi potensialının inkişafı daim dövlətin diqqət mərkəzində saxlanılır. Bu diqqətin bariz nümunələrindən biri də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 28 sentyabr 2024-cü il tarixli “Naftalan neftinin sağlamlıq turizmində rolunun artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamıdır.

İclas zamanı Naftalan şəhərində sağlamlıq turizminin mövcud vəziyyəti və inkişaf perspektivləri, sanatoriya-kurort müəssisələrinin fəaliyyəti, xidmət keyfiyyətinin artırılması, insan resurslarının inkişafı və kadr hazırlığı məsələləri ətrafında fikir mübadiləsi aparılıb, eləcə də Naftalan şəhərində fəaliyyət göstərən hotel, sanatoriya və müalicə-sağlamlıq müəssisələrinin rəhbərləri sağlamlıq turizminin inkişafı, xidmət keyfiyyətinin yüksəldilməsi, kadr hazırlığı və gələcək əməkdaşlıq imkanları ilə bağlı təkliflərini səsləndiriblər.

Bununla yanaşı təhsil müəssisələri ilə əməkdaşlığın genişləndirilməsi, sağlamlıq turizmi sahəsində fəaliyyət göstərən tibb personalı üçün təlim proqramlarının təşkili və gələcək əməkdaşlıq istiqamətlərindən danışılıb.

Yekunda sağlamlıq turizminin inkişafı, insan resurslarının gücləndirilməsi və qurumlararası koordinasiyanın artırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi barədə razılıq əldə olunub.

Həmçinin proqrama uyğun olaraq Naftalanda yerləşən sanatoriya-kurort müəssislərində çalışan orta və üst səviyyəli menecerlər üçün “Uğurlu karyera və müştəri məmnuniyyəti” mövzusunda təlim təşkil olunub.

Keçidlər