Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda qədim abidə aşkarlanıb

27 avqust 2024 | 14:41

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Naftalan arxeoloji ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru, dosent Müzəffər Hüseynov Qalaboynu tarixi abidəsinə gələn şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzova məlumat verərək bildirib ki, abidənin yerləşdiyi təpənin hündürlüyü 10 metrdən, sahəsi 3 hektardan artıqdır. Yaşayış yeri hələ 2020-ci ildə qeydə alınaraq ilkin arxeoloji tədqiqatlar aparılıb. Bu il avqustun 1-dən aparılan tədqiqatlar zamanı buradan möhtəşəm quruluşlu, böyük ölçülü çiy kərpicdən inşa edilmiş binanın divar qalıqları aşkarlanıb. Bina divarının eni 1.80-1.90 sm-dir. Divarın tikintisində 37x37 santimetr ölçüdə, 9-10 santimetr qalınlıqda, tərkibinə xırda doğranmış saman qalıqları qatılmış çiy kərpiclərdən istifadə edilib. Divar qalıqları ilə yanaşı, binanın daxilində ağ rəngli, möhkəm tərkibli daşlardan ibarət lövhələr aşkarlanıb, qalınlığı 15-30 sm olan daşların kənarları isə səliqə ilə yonulub.

Ekspedisiya rəhbəri dediyinə görə aşkar edilmiş divar qalıqları, sütun altlıqları və saxsı məmulatına əsasən buranın Əhəmənilər dövrünə aid saray kompleksi olduğu ehtimal edildiyini vurğulamışdır.

Yaşayış yeri ölkəmizdə sayca bu tip 3-cü abidədir. Bu ərazidə orta əsrlərdə qısamüddətli yaşayış olub. Orta əsrlərə aid təsərrüfat quyuları, ocaq yerləri abidənin divarlarını zədələyib. Aşkar edilən tapıntılar böyük tarixi və elmi marağa səbəb olub.

İnstitutun direktoru Fərhad Quliyev və professor Hidayət Cəfərov da abidədə olub, aparılan işlərlə bağlı təklif və tövsiyələr verərək burada tədqiqatların daha geniş müstəvidə davam etdirilməsinin vacibliyini bildiriblər.

Belə bir abidənin müalicəvi turizm mərkəzi olan Naftalan ərazisində aşkar edilməsinin əhəmiyyəti və gələcəkdə buranın böyük turizm marşrutu kimi fəaliyyət göstərməsinə həmçinin, regionda arxeo turizmin inkişafına öz töhfəsini verəcəkdir.

Burada daha intensiv tədqiqatların davam etdirilməsi qərara alınıb.

Keçidlər