Naftalanda qanvermə aksiyası keçirilib
Naftalan Şəhər İcra Hakimiyyəti və Səhiyyə Nazirliyi, Respublika Qan Bankının Gəncə şəhər filialının birgə təşkilatçılığı ilə Naftalan Şəhər Mərkəzi Xəstəxanasında “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində könüllü qanvermə aksiyası keçirilib.
Qan Bankının ixtisaslaşdırılmış tibb briqadasının həkim-hematoloqları tərəfindən qanvermənin faydaları barədə aksiya iştirakçılarını məlumatlandırıblar. Hər bir donor tibbi müayinədən keçdikdən sonra qan analizi götürülüb və aksiyaya qoşulmalarına dair rəy verilib.
Aksiyada Naftalan Şəhər İcra Hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və şəhər təsərrüfatı şöbəsinin müdiri, İcra Hakimiyyəti başçısı səlahiyyətlərini müvəqqəti icra edən Arzu Məmmədov, Şəhər Polis şöbəsinin rəisi Zaur Bədəlov, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə, təşkilatların, hotel və müalicə mərkəzlərinin rəhbərləri və əməkdaşları, könüllülər iştirak edərək ehtiyat qan bankının fondunun zənginləşdirilməsinə dəstək olublar.
Humanizm prinsiplərinə əsaslanan bu kimi tədbirlər, ölkəmizdə irsi qan xəstəliklərindən əziyyət çəkən insanların təhlükəsiz və keyfiyyətli qanla təmin olunması və könüllü donor xidmətinin inkişafı baxımından böyük əhəmiyyət kəsb edir.















