Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda “mygov” mobil tətbiqinin əhali arasında təbliğatı genişləndirilir

15 oktyabr 2026 | 14:59

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2026-ci il 27 fevral tarixli 953 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı”nın icrası çərçivəsində əhalinin rəqəmsal xidmətlərdən istifadə imkanlarının artırılması və dövlət xidmətlərinə əlçatanlığın təmin olunması məqsədilə Naftalan Şəhər İcra Hakimiyyəti tərəfindən “mygov” mobil tətbiqinin geniş təbliğ olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Təbliğat işlərinin səmərəliliyini təmin etmək üçün “mygov” tətbiqinin imkanlarını və üstünlüklərini əks etdirən əyani təbliğat materialları əhalinin sıx toplaşdığı ərazilərdə, ticarət və xidmət obyektlərində, eləcə də inzibati binaların görünən yerlərində yapışdırılmışdır.

Keçirilən tədbirlər zamanı sakinlərə “mygov” tətbiqinin təqdim etdiyi geniş imkanlar barədə ətraflı məlumat verilir. Qeyd olunur ki, vətəndaşlar bu tətbiq vasitəsilə rəqəmsal sənədlərini (şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, sosial tərəfdaş kartı və s.) hər zaman yanlarında daşıya, müxtəlif sahalər üzrə elektron arayışları (məhkumluq, iş yeri, təhsil, nikah və s.) anında əldə edə, həmçinin səhiyyə (laborator analiz nəticələri, elektron xəstəlik vərəqələri, tibbi arayışlar), əmlak, nəqliyyat və sosial müdafiə xidmətlərindən rahatlıqla yararlana bilərlər.

Bununla yanaşı vətəndaşlara “mygov” tətbiqinin mobil cihazlara yüklənməsi, qeydiyyatdan keçilməsi və xidmətlərdən istifadə edilməsi üçün birbaşa köməklik göstərilir.

Keçidlər