Naftalanda iftar süfrəsi təşkil olunub
Naftalan Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və “Garabagh Resort & Spa Naftalan”ın təşkilatçılığı ilə Ramazan ayı münasibətilə şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb.
İftar süfrəsində ŞİH-nin başçısı Vüqar Novruzov, Türkiyə Cümhuriyyətinin Gəncə şəhərindəki Baş Konsulu Recep Öztop, Millət Vəkilləri Ziyad Səmədzadə, Anar Məmmədov, Emin Hacıyev, Əliabbas Salahzadə, YAP Naftalan şəhər təşkilatının sədri, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhər Ağsaqqallar Şurasının sədri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbə müdiri, Qafqaz Müsəlmanları İdarəsinin Goranboy və Naftalan üzrə nümayəndəsi, şəhid ailələri, qazilər iştirak edib.
Öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İcra başçısı çıxışında qeyd edib ki, ölkəmizdə milli dəyərlərə hörmətin, tolerantlığın təməlinin Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğu dövlət-din münasibətləri sahəsindəki strateji kurs bu gün də Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Həmçinin, icra başçısı bildirib ki, haqq işi uğrunda mübarizədə qazandığımız şanlı Zəfərlə azad edilmiş dədə-baba yurdlarımızda həyat yenidən dirçəlir, tarixi-mədəni irsimiz, ibadət yerlərimiz bərpa olunur.
Çıxış edən digər natiqlər qeyd ediblər ki, Azərbaycan dövləti Qarabağ torpağında qan tökərək onu düşməndən azad edən qəhrəman oğulların fədakarlığını hər cür qayğı və sosial dəstək tədbirləri ilə qarşılayır. Həmçinin, vurğulayıblar ki, Ramazan ayında iftar süfrələrinin təşkil edilməsi cəmiyyətimizin vahidliyinin, ümumi məqsədlər naminə ölkəmizdə dövlətlə din arasında sıx birliyin bariz nümunəsidir.
Daha sonra dualar edilib, Ramazan ayının fəzilətləri barədə söhbətlər açılıb.
Şəhid ailələri və qazilər dövlət səviyyəsində onlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə başçısına və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya təşəkkürlərini ifadə ediblər.